“Olimpiyaçılar aramızdadır” - Avropa Oyunlarına həsr olunmuş tele-viktorina
“Olimpiyaçılar aramızdadır”- AR Gənclər Fondunun dəstəyi, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı, tələbə və gənclərin iştirakı ilə 2015-ci ilin iyun ayının 12-dən 28-nə kimi Bakıda keçiriləcək ilk Avropa Oyunlarına həsr olunmuş tele-viktorina haqqında.

“Gənclər siyasəti öz müstəqilliyini 23 il əvvəl bərpa etmiş Azərbaycan dövlətinin fəaliyyətində prioritet istiqamətlərdəndir.Bu siyasəti uğurla həyata keçirmək üçün ölkəmizdə əlverişli sosial-iqtisadi və ictimai-siyasi şərait yaradılıb”.Bu sözlər Azərbaycan prezidenti cənab İlham Əliyevin 2014-cü ilin 28-30 oktyabr tarixində Bakıda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Forumun iştirakçılarına müraciətindəndir.

Bu həqiqətən də belədir.Dünyanın bir çox ölkələrində Gənclər Siyasəti mövcud deyil. Azərbaycan Gəncliyi bu mənada xoşbəxtdir ki, onlar bütünlüklə, sferasından asılı olmayaraq dövlət qayğısı əhatəsindədirlər. Ölkədə Gənclər və İdman Nazirliyinin yaradılması, bir neçə dövlıət proqramlarının qəbulu, QHT Gənclər Qurumlarının təşkilatlanması, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun son illər çoxşaxəli fəaliyyəti deməyə əsas verir ki, gənclərimiz belə yüksək münasibətə mütləq öz yaradıcı əməlləri ilə cavab verməyə borcludur. İstər təşkilatlar səviyyəsində, istərsə də fərdi qydada hər bir gəncin irəli sürdüyü təşəbbüs,qabartdığı mövzu diqqətdən kənarda qalmır. ”Azərbaycan gənclər ölkəsidir” ideologiyası onları daha da məsuliyyətli olmağa sövq edir. Hal-hazırda öz istək və arzularını bu və ya digər layihələr çərçivəsində reallaşdırmaq üçün Azərbaycan gənci qarşısında geniş üfüqlər açılıb. Belə parlaq üfüqlü təşkilatlardan biri də AR Gənclər Fondudur ki, bu günlərdə 6-cı Qrant müsabiqəsinə yekun vurdu.

“Kainat” Gənclik Mərkəzi də öz növbəsində bu müsabiqədə iştirak etdi. Sevindirici haldır ki, artıq 3-cü dəfə mərkəz sözügedən müsabiqənin qalibi olur. Təşkilatın ötən il AR Gənclər Fondunun dəstəyi, Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin iştirakı ilə reallaşdırdığı, İTV-də yayımlanan “Olimpiyaçılar aramızdadır” tele-viktorinasının efir həyatı çox uğurlu oldu və geniş gənclər auditoriyasını əhatə etdi. Bütün bunları nəzərə alaraq, “Kainat” Gənclik Mərkəzi layihənin davamını məqsədəuyğun sayaraq, yenidən fonda müraciət etdi.

Artıq layihənin hazırlıq işlərinə start verilib. Tele-oyuna daha çox gəncin cəlb olunması nəzərdə tutulur. Layihənin son buraxılışı Bakı-2015 Oyunları ərəfəsinə təsadüf edəcək. Proqram çərçivəsində gənclərlə yanaşı, Azərbaycanın olimpiya,dünya və avropa çempionları da iştirakı edəcək. Səsləndiriləcək suallar Milli Olimpiya Komitəsinin 20 illiyinə həsr olunmuş ensiklopedik nəşrdən və digər mənbələrdən istifadə edilməklə hazırlanacaq. Viktorinalarda komandalara gənclərdən ibarət auditoriya dəstək verəcək. İnanırıq ki, bu gənclərin əksəriyyəti Bakıda keçiriləcək İlk Avropa Oyunlarında könüllü kimi fəaliyyət göstərərək, həqiqətən də olimpiyaçıların aramızda olduğunu sübut edəcəklər.

Yekunda, fərqlənən gənclər MOK-un təqdim etdiyi xatirə hədiyyələri, suvenirlər,kitablarla mükafatlandırılacaq və sertifikatla təltif ediləcəklər. Bu layihə gənclərin intellektual səviyyələrinin və dünya görüşlərinin inkişafına yardım edəcək və olimpizm fəlsəfəsinin mənimsənilməsində öz töhvəsini verəcək.

Xəbər 1059 dəfə oxundu.