Xəzri GK və Cəngi GK 1 saylı nümayəndəliyin ən güclüsüdür
Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr (2001-2003-cü il təvəllüdlü) arasında 1 saylı nümayəndəliyin komanda yarışları keçirilib.

Yarış Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən güləş klublarında sərbəst və yunan-Roma güləşi üzrə perspektivli idmançıların aşkarlanması, klub məşqçilərinin işinin qiymətləndirilməsi məqsədi daşıyıb.

Komandalar iki yarımqrupda mübarizə aparıb. Yarımqrupda birinci yeri tutan komandalar finalda qarşılaşıb, müvafiq olaraq ikinci yeri tutmuş komandalar 3-4-cü yer, yarımqrupun üçüncüləri isə 5-6-cı yerlər uğrunda yarışıb.

Yarışdan əvvəl isə, hakimlər üçün seminar keçirilib. Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyası tərəfindən hakimliyə yeni cəlb edilmiş şəxslərə güləş qaydalarındakı son yeniliklər barədə məlumat verilib, fikir mübadiləsi aparılıb.

Sərbəst güləş yarışlarında yarımqruplarda keçirilən görüşlərin nəticələrinə əsasən, 3-4-cü yer uğrunda Aran İK və X.Cəfərov GK, finalda isə Azəri GK və Xəzri GK qarşılaşıb. Yekunda sərbəst güləş üzrə komanda yarışlarının qalibi Xəzri Güləş Klubu olub. Azəri GK ikinci, Xosrov Cəfərov GK isə üçüncü yeri tutub.

Yunan-Roma güləşi yarışlarında yarımqruplarda keçirilən görüşlərin nəticələrinə əsasən, 3-4-cü yer uğrunda Hövsan GK və Həyat GK, finalda isə Bakı GK və Cəngi GK qarşılaşıb. Yekunda yunan-Roma güləşi üzrə komanda yarışlarının qalibi Cəngi Güləş Klubu olub. Bakı GK ikinci, Hövsan GK isə üçüncü yeri tutub.

Yarışda ilk üç yeri tutmuş komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və hədiyyələrlə mükafatlandırılıb.

Xəbər 1048 dəfə oxundu.