Araz üçün əla şans
Millimizin üzvü Araz Abdullayevin Yunanıstan “Panionis” klubunda əsas heyətə düşmək üçün real imkanı yaranıb. 20 yaşlı sol cinah yarımmüdafiəçi Superliqanın ötən turunda səfərdə “Erqotelis”ə 0:1 hesabı ilə uduzduqları matçda 44-cü dəqiqədə əvəzlədiyi Dimitris Kolovosun dizindən aldığı zədənin ciddi olduğu müəyyənləşib. Nəticədə qeyri-müəyyən müddətə sıradan çıxan 18 yaşlı yunan futbolçu yaxın vaxtda yaşıl meydana dönməyəcək.

Kolovos Abdullayevin əsas heyət uğrunda mübarizədə əsas rəqibi sayılır. Hər 2 gənc futbolçu sol cinah yarımmüdafiəçisidir. Dimitrisin yoxluğu Arazın “Panatinaikos”la bugünkü ev oyununda əsas heyətdə yer almağına imkan yaradır. Bu isə onun hazırkı komandasında ilk dəfə start heyətində meydana çıxacağı deməkdir.

Yunanıstanın ən titullu klublarından olan “Panatinaikos” kimi güclü rəqiblə matçda özünü yaxşı tərəfdən göstərmək Arazı xeyli qabağa apara, ən əsası, əsas heyətdə möhkəmlədə bilər. Abdullayevin bu əla şansdan nə dərəcədə istifadə edib-etməyəcəyini bu gün Bakı vaxtilə saat 00:00-da başlayacaq oyundan sonra biləcəyik.

Xəbər 990 dəfə oxundu.