İqor Getman “Simurq”a keçdi

“Simurq”un məşqçilər korpusunda dəyişiklik olub. Klubun icraçı-direktoru Vaqif Əliyev apasport.az saytına açıqlamasında “Neftçi”nin məşqçisi İqor Getmanı dəvət etdiklərini bildirib. Onun sözlərinə görə, 41 yaşlı çalışdırıcının təyinatı yenicə reallaşıb: “Getmanın təyinatı az öncə rəsmiləşdi. Onunla 1 illik müqavilə imzaladıq. İqor əsas komandamızda çalışacaq, baş məşqçi Sergey Yuranı iş prosesində kömək edəcək”.
Zaqatala təmsilçisinin rəsmisi qış fasiləsində məşqçilər korpusunun üzvlərini artırmağı qərara aldıqları bildirib: “Bizə yerli məşqçi lazım idi. Götür-qoy elədik və Getmanın namizədliyi üzərində dayandıq. Təbii ki, bu haqda Yuranı məlumatlandırdıq və razılığını aldıq. Getman tanınmış futbolçu olub, milli komandamızda, uzun illər “Neftçi”də oynayıb, sonradan onun məşqçisi işləyib. Onu komandamıza dəvət etmək fikrində olmağımızla bağlı “Neftçi”yə müraciət etdik. Onlar da bunu müsbət cavablayaraq, Getmanı buraxdılar. Yuranın əvvəlki köməkçilərinin hamısı qalır. Yalnız qapıçılarla işləyən Nizami Sadıqov öz istəyi ilə getdi ki, onu Emil Balayev əvəzləyib”.
Qeyd edək ki, ölkəmizdəki karyerası yalnız “Neftçi”yə bağlı olan, onun heyətində milli çempionatımızda ən çox oyun keçirdiyinə görə rekordçusu sayılan Getman ilk dəfə başqa komandada yer alacaq. O, karyerasını bitirdikdən sonra “ağ-qaralar”da əsas komandasında köməkçi, sonradan əvəzedicilərində baş məşqçi işləyib. Keçmiş müdafiəçi ötən ilin iyununda oradan getdikdən sonra “Neftçi”də seleksiyaçı məşqçi kimi çalışırdı.

Xəbər 950 dəfə oxundu.