Elnur Əşrəfoğlu: Operativlik qazanacağıq

“Verilişimizin bugünkü buraxılışı çox maraqlı olacaq. Bildiyiniz kimi, bu ildən efirə bazar ertəsi yox, çərşənbə axşamı çıxırıq. Yeni ildən sonra verilişin vaxtını dəyişdirməyi daha məqsədəuyğun saydıq”. Bu açıqlamanı apasport.az saytına “Space” Televiziyasının İdman Departamentinin rəhbəri Elnur Əşrəfoğlu deyib. Ötən ildən efirə çıxan “Qol” verilişinin növbəti proqramı bu gün saat 23:00-da efirə gedəcək. Əşrəfoğlunun sözünə görə, verilişin vaxtının bir gün sonraya çəkilməsi təsadüfi deyil: “Yeni ildən televiziyanın yeni proqram şəbəkəsi müəyyənləşir. Verilişin çərşənbə axşamı efirə getməsini özümüz istədik. Əslində, “Qol”un anonsu gedəndə, məhz çərşənbə axşamı efirə çıxması nəzərdə tutulmuşdu. Ancaq sonradan operativliyə görə bazar ertəsinə çəkdik. Premyer Liqanın qalan təqvimə baxsaq, oyunların həftəiçi keçiriləcəyini görərik. Belə olan halda, verilişin çərşənbə axşamı olmağı ilə operativlik qazanacağıq”.
Qonaqları haqda da məlumat verən departament rəhbəri bildirib ki, məşqçi Vaqif Sadıqov, xalq artisti İlham Namiq Kamal və ötən ilin ən yaxşı futbolçusu seçilən Rauf Əliyevi verilişə dəvət ediblər: “Premyer Liqanın ötən ilin yekunları, klublarımızın qış fasiləsində hazırlıq planları haqda müzakirələr olacaq. Bildiyiniz kimi, Sadıqov yaxında Rusiyanın “Anji” klubu ilə yollarını ayırıb. Onun bu komandada 1 illik fəaliyyəti barədə söhbət olacaq. İlham Namiq Kamalın bu gün ad günüdür və belə gündə verilişimizə qonaq dəvət etdik. O, futbol azarkeşidir və bu idman növünə necə dəyər verdiyini izləyicilərimiz görə biləcəklər. Rauf isə hazırda gündəmdə olan futbolçudur ki, karyerasını xaricdə davam etdirməsi müzakirə olunur. Onunla həm bu, həm də ilin futbolçusu olmağı ilə bağlı söhbətləşəcəyik”.
Əşrəfoğlu verilişdə bir sıra maraqlı süjetlər hazırladıqlarını bildirib: “Ruslan Abışovun bir müddət əvvəl Norveçin “Valerenqa” klubuna keçidinin baş tutmamağının əsl səbəbi haqda süjetimiz olacaq. Sürixdə keçirilən ilin yekunları – Lionel Messinin ötən il dünyanın ən yaxşı futbolçusu, Xosep Qvardiolanın ən yaxşı məşqçisi seçilməsi ilə bağlı tədbirə yer verəcəyik. Bundan əlavə, saytınızda “Neftçi”nin tarixində 1000-ci qələbəni qazanmağı ilə bağlı gedən statistik yazıya toxunacağıq. Onu da qeyd edim ki, “Qol” proqram bundan sonra artıq mənim təqdimatımda olacaq. Əvvəlki aparıcı Aqşin Əliyev də İdman Departamentimizdə fəaliyyətini davam etdirir”.

Xəbər 965 dəfə oxundu.