Braziliya yığmasının oyunçusu “İqtisadçı”da
Bakının “İqtisadçı” voleybol klubu qış transfer pəncərəsi çərçivəsində ilk transferini reallaşdırıb. Ölkəmizi CEV kubokunda təmsil edən universitet komandası Braziliya milli komandasının üzvü Kristina Fernanda Ferreyra ilə müqavilə imzalayıb. İtaliyanın “Modena” klubundan transfer olunan 31 yaşlı voleybolçu 2011/2012 mövsümünün sonuna kimi “İqtisadçı”nın şərəfini qoruyacaq.
175 sm boya malik universal oyunçu 10 illik peşəkar karyerası ərzində doğma ölkəsinin və İtaliya klublarının şərəfini qoruyub. Belə ki, Ferreyra “Parana” (2002/2003), “EC Pinheyros” (2003/2005), “AD Brusque” (2005/2006), “Osasko” (2006/2007, hamısı Braziliya), “Santeramo” (2007/2008), “Yamamay” (2008/2010) və “Modena” (2010/2011, hamısı İtaliya) komandalarında çıxış edib. O, bu klublardan yalnız “Yamamay”la titula sahib olub. 2010-cu ildə Bakıda keçirilən CEV kubokunun yarımfinalında “Rabitə”yə, finalında isə “Srvena Zvezda”ya qalib gəlməklə, turnirin qızıl medalları qazanıb. Ferreyra Braziliya yığmasında 45 oyun keçirsə də, hələ ki, ciddi nailiyyətə imza atmayıb.
Qeyd edək ki, bu mövsüm CEV kubokunda debüt edən “İstisadçı” turnirin 1/8 finalında yeni transferinin kubok qazandığı “Yamamay”la qarşılaşacaq.

Xəbər 1018 dəfə oxundu.