Rüstəm İmanzadə və Məhəmməd Məmmədli Avropa çempionatında çıxış etdi
Kiprin Limassol şəhərində gənclər arasında 17-ci qadın və 40-cı kişilər, həmçinin yaşı 23-ə qədər olan idmançıların 6-cı Avropa çempionatı davam edir. Bu gün Azərbaycan yığmasının daha iki üzvü körpücük üzərinə çıxıb. Qadınlarda 53 kq-da 4-cü yeri tutan Gülçin Əlizadədən sonra kişilərdə 62 kq çəki dərəcəsində Rüstəm İmanzadə və Məhəmməd Məmmədli güclərini sınayıblar.

Yeniyetmələr arasında Avropa çempionu, “Zirve İnternational Sport Clubs”-ın ilk dünya çempionatının qalibi, “Lənkəran-Zirvə” İdman Klubunun üzvü Rüstəm İmanzadə birdən qaldırma hərəkətində əvvəlcə 117 kq-ın öhdəsindən uğurla gəldi. Sonra 122 kq sifariş verən atletimiz bu yanaşmanı da uğurla yerinə yetirdi. 3-cü yanaşmasında isə Rüstəmin 124 kq-a gəlməsi də maraqlı idi. Çünki 16 yaşı olan ağır atletimiz bu çəkini qaldırsaydı, yeniyetmələr arasında Avropa rekordunu yeniləyəcəkdi. Ancaq təəssüf ki, alınmadı. Amma buna baxmayaraq İmanzadə 122 kq-la bu hərəkətdə Avropa bürüncünə layiq görüldü.

Təkanla qaldırma hərəkətində 143 kq-ı uğurla ram etməklə başlayan İmanzadə, ikinci cəhdində 148 kq-a yaxınlaşdı. Ştanqı sinədən sıxarkən qolu arxaya gedən idmançımız ciddi zədə alıb. Bir müddət tibbi yardım göstərilən Rüstəm 3-cü yanaşmadan imtina edib. Buna baxmayaraq, o, bu hərəkətdə 5-ci, toplamda 4-cü yeri tutmağı bacardı.

Yeniyetmələr arasında Avropa çempionatının gümüş medalçısı, “İsmayıllı-Zirvə” İdman Klubunun üzvü Məhəmməd birdən qaldırma hərəkətində əvvəlcə 100, daha sonra isə 105 kq-ın öhdəsindən gəldi. Son yanaşmasında 110 kq-I ram edə bilməyərək bu hərəkətdə 11-ci oldu.

Təkanla qaldırma hərəkətində Məhəmməd əvvəlcə 125, daha sonra 132 kq-ı başı üzərinə qaldırdı.

Xəbər 1124 dəfə oxundu.