Bakı 2015 Avropa Oyunları beş ölkə ilə yayım haqqında sazişə imza atıb
Bu gün Bakı 2015 Avropa Oyunları Avropanın daha beş ölkəsi ilə yayım haqqında sazişə imza atdığını elan etməkdən qürur duyur.

Hazırda qüvvədə olan sazişlərə əsasən Avropa Oyunları Albaniya, Belarus, Lüksemburq, Moldova və Slovakiyada televiziya vasitəsilə yayımlanacaq.

Sözügedən sazişlər Bakı 2015 Avropa Oyunlarının yayımlanmasına dair Türkiyə, Fransa və Almaniya daxil olmaqla Avropa ölkələri, eyni zamanda, Orta Şərq, Şimali Afrika və Yaponiya ilə bağlanmış sazişlərdən sonra imzalanmış ən son müqavilələrdir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq demişdir: “Artıq Avropa Oyunlarının əlavə 5 ölkədə də yayımlanacağını təsdiq etməyə çox şadıq.

Bu sazişlərin bağlanması Avropadakı azarkeşlərin öz ölkələrini təmsil edən idmançılarının Bakı 2015 Avropa Oyunlarındakı nailiyyətlərini izləyə bilmələri üçün əhəmiyyətli olacaq. Bu kimi çox şaxəli multi-media yayımı sazişlərinin bağlanması həmin ölkələrin Oyunları öz ölkələrində yayımlamalarını təmin edəcək.

Mən növbəti həftələrdə həm Avropa, həm də digər dünya ölkələri ilə yayım sazişlərinin bağlanmasını və saziş bağlanacaq ölkələrin sayının 34-ya çatmasını gözləyirəm.”

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru cənab Çarli Viceratna demişdir: “Bu sazişlərin bağlanması Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək idmançıların möhtəşəm çıxışlarının bütün qitədə coşğun azarkeşlər tərəfindən izlənməsinə səbəb olacaq.

Biz, tezliklə Avropa Oyunlarının bütün dünyada maksimum şəkildə yayımlanmasını təmin edəcək daha çox yayım sazişlərinin imzalanacağına əminik.”

Albaniyada “Tring Media”, Belarusda “Belarus 5”, Lüksemburqda “Radio Television Luxembourg”, Moldovada “Moldova Sport TV” və Slovakiyada “DIGI Sport” şirkətləri Avropa Oyunlarının yayım hüquqlarını əldə etmişlər.

Həmçinin, bu gün Bakıda Avropa Olimpiya Komitələrinin Baş Assambleyası keçiriləcək. Bakı 2015-in rəhbər şəxsləri tədbir iştirakçılarına İlk Avropa Oyunlarına hazırlıqların ən son yenilikləri haqqında ətraflı məlumat verəcəklər.

Xəbər 832 dəfə oxundu.