Müşviq İsayevin xatirəsinə beynəlxalq turnir keçiriləcək

14 yanvarda Bakıda 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə yeniyetmə sərbəst güləşçilər arasında ənənəvi beynəlxalq turnir keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, yarışın təşkilində məqsəd şəhidin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, sərbəst güləşin inkişafına və kütləviliyinə nail olmaqdır.
FİLA-nın mövcud qaydalarına əsasən 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq-a qədər çəki dərəcələri üzrə keçiriləcək yarışlarda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Almaniya, Gürcüstan, Türkiyə, İran, Özbəkistan, Tacikistan, Qazaxstan, Latviya və Litvadan olan güləşçilər də mübarizə apacaqlar.
Yarışlarda müvafiq çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, medal və hədiyyələrlə mükafatlandırılacaqlar.
Yarışlar “Sərhədçi” Olimpiya-İdman Mərkəzində baş tutacaq. Turnirin rəsmi açılış mərasimi həmin gün saat 16.30-da olacaq.
13 yanvarda saat 12.00-da isə, federasiya nümayəndələri AGİN və MOK təmsilçiləri və turnir iştirakçıları ilə birlikdə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Xəbər 1068 dəfə oxundu.