“Neftçi”nin rəqibləri məlumdur

“Neftçi” futbol klubunun Antalyada Çeçenistanın ilk prezidenti Əhməd Qədirovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə bütün rəqibləri bəlli olub.

İdman.com.az saytının xəbərinə görə, yarışda “ağ-qaralar”la yanaşı, Rusiyanın "Terek" (Qoroznı), Ukraynanın "Metallist" (Xarkov), "Obolon" (Kiyev), Polşanın "Poloniya" (Varşava), Rumıniyanın "Rapid" (Buxarest), Özbəkistanın "Paxtakor", eləcə də Çinin "BİT FC Pekin" komandaları mübarizə aparacaqlar.

Oyunlar hərəsində 4 komanda olmaqla 2 yarımqrupda keçiriləcək. Qrupların tərkibi yanvarın 27-də keçiriləcək püşkatma nəticəsində müəyyənləşəcək. Hər qrupda 1-ci yeri tutacaq komanda finala vəsiqə əldə edəcək.

Final matçı "Antalyaspor"un ev oyunlarını keçirdiyi "Mərdan" stadionunda baş tutacaq. Yarışın mükafat fondu 170 min ABŞ dolları təşkil edir. Turnirin oyunlarını Əhməd Qədirovun oğlu, Çeçenistanın hazırkı prezidenti Ramzan Qədirov da izləyəcək.
Fəxri qonaqlar arasında yaxın keçmişin dünyaca məşhur hakimləri italiyalı Pyer Luici Kollina və Roberto Rosetti də yer alacaq.

Yanvarın 28-də start götürəcək turnirin final matçı fevral ayının 3-də baş tutacaq.

Xəbər 952 dəfə oxundu.