"Lokomotiv" Avrokuboklara qələbə ilə başladı
Bu gün qadın voleybolçular arasında CEV kubokunun 2014/15 mövsümü start götürüb. Qitənin ikinci dərəcəli klub turnirində “İqtisadçı”nın fəaliyyətini dayandırmasından sonra Azərbaycanı təmsil edən yeganə komanda olan “Lokomotiv” ilk matçını keçirib.

Ardıcıl ikinci dəfə Avropa Voleybol Konfederasiyasının adını daşıyan kuboka qatılan “dəmiryolçular” mübarizəyə 1/16 finaldan başlayıb. Avropada ilk addımını Almaniyada atan “Lokomotiv” “Rote Raben”in qonağı olub.

Görüşə yaxşı start verən komandamız qələbə qazanmaqda çətinlik çəkməyib.

Belə ki, “dəmiryolçular” ilk seti 17:25 hesabı ilə xeyrinə tamamlayıb. II yarıda təmsilçimizə müqavimət göstərən “Rote Raben” sona qədər bunu bacarmayıb – 24:26.

“Lokomotiv” III hissəni də qələbə ilə yekunlaşdırıb. Komandamız bu dəfə 22:25 hesabı ilə qalib gəlib.

Beləliklə, rəqibini 0:3 hesabı ilə məğlub edən “Lokomotiv” ilk sınağdan üzü ağ çıxıb.

CEV kuboku
1/16 final, ilk oyun
12 noyabr
“Rote Raben” (Almaniya) - “Lokomotiv” (Azərbaycan) - 0:3 (17:25; 24:26; 22:25)
Hakimlər: İlaria Vaqni (İtaliya), Saevar Mar Qudmundsson (İslandiya)
Filsbiburq. Top Oyunları Sarayı

Xəbər 949 dəfə oxundu.