"Qarabağ"ın daha bir fan-klubu yarandı
Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Qarabağ”ın yeni fan-klubu yaranıb.

“Qarabağsız gənclər” adlanan fan-klub Sumqayıtda fəaliyyət göstərir.

“Qarabağsız gənclər”in rəhbəri Xanoğlan İmanov Qol.Az saytının müxbiri ilə söhbətində fan-klubun yaranma məqsədindən və digər məsələlərdən danışıb: ”Qarabağ”ın Sumqayıtda fan-klubu yox idi. Bildiyiniz kimi, “Qarabağ” 10 ilə yaxın ev oyunlarını Sumqayıtda keçirib. Avropakubok oyunlarında Sumqayıtdan Bakıya getmək azarkeşlər üçün çətinlik yaradırdı. Oyundan sonra evə qayıtmaq problem olurdu. Düşündük ki, bir fan-klub yaradaq. Artıq komandamızın oyununa təşkil etdiyimiz avtobuslarla gedəcəyik. Məqsədimiz Sumqayıtda yaşayan “Qarabağ” azarkeşlərini bir ad altında birləşdirməkdir”.

Hər zaman “Qarabağ”ın yanında olacaqlarını deyən X.İmanov fan-klubun ideyalarını da açıqlayıb: “Biz Avropa oyunlarında hər bir klubumuza dəstək olacağıq. Çempionat oyunlarında isə onlara rəqib gözü ilə baxacağıq. Bizim fan-klub söyüşdən, təhqirdən uzaq olacaq. Bu kimi mənfi hallara yer yoxdur. Onsuz da yaxşı günlərində hər kəs “Qarabağ”ı dəstəkləyir. Biz isə pis günündə də “Qarabağ”a dəstəyimizi əsirgəməyəcəyik. Bir məsələyə toxunmaq istəyirəm. Komandamızın kapitanı Rəşad Sadıqov millimizin Xorvatiya ilə oyununda avtoqola imza atanda mətbuat tərəfindən xeyli tənqid olundu. Biz isə “Qəbələ” ilə oyunda “Rəşad Sadıqov ,sən imperator olaraq qalacaqsan” yazılmış plakat hazırladıq. Bir neçə gün sonra “Dnepr”lə oyuna çıxanda Rəşad Sadıqov bizə təşəkkür etdi. Bildirdi ki, ona psixolji cəhətdən kömək olmuşuq. Reynaldo qollar vuranda hamı ona dəstək olur. Biz isə ona indiki vəziyyətdə dəstək olmalıyıq. Fan-klubun ideyalarından biri budur ki, komandada hansı axsayan cəhətlər varsa, ona kömək olaq”.

X.İmanov fan-klubun “Qarabağız gənclər” adlandırılmasının təsadüfi olmadığını qeyd edib: “Həqiqətən biz bu gün Qarabağsızıq. Biz bunu yaddan çıxarmırıq. Fan-klubumuz sırf qarabağlılardan təşkil olunmayıb. Bizim Bakıdan, Lənkərandan, Şəkidən və başqa bölgələrdən olan üzvlərimiz də var. Qarabağsızlığı hiss edən hər bir gənc yanımızdadır. Adımız reallığı əks etdirir”.

Xəbər 890 dəfə oxundu.