Çaparlar Novxanıda yarışıblar

Bakıda, Novxanı qəsəbəsindəki “Sərhədçi” Atçılıq Mərkəzində ümumi mükafat fondu 156 min ABŞ dolları olan konkur üzrə CSI3*-W dərəcəli “Həmrəylik Kuboku” turnirində Gürcüstan, Rusiya, Polşa, Türkiyə və Qazaxıstan idmançıları da iştirak ediblər.

Yarışın ilk günü start turnirində Polşa idmançısı Aleksandra Lusina (“Grat” ləqəbli at), Sərdar Əlibalayev (“Elina”), Elmar Abdullayev isə (“David”), uyğun olaraq, ilk üç yeri bölüşüblər. Günün növbəti yarışında Lusina «Kalinka» atı ilə qalib gəlib, Camal Rəhimov («Platin E») 2-ci, Seyid Musayev («Konkord 57») 3-cü nəticə göstəriblər.

Ertəsi gün daha iki yarışda ilk 3 yeri konkurçular belə bölüşüblər: birinci turnirdə – Elmar Abdullayev («David»), Ələkbər Məmmədov («Qroq») və Hikmət Musayev («Alard F); ikinci turnirdə – Camal Rəhimov («Platin E»), Aleksandra Lusina («Bahar») və Camal Rəhimov («Zidan»). Sonuncu gün baş mükafat – qran-pri turniri keçirilib. Bu dəfə də polşalı idmançı hamıdan güclü olub. Lusina «Kalinka» ilə 1-ci, Camal Rəhimov «Platin E» ilə 2-ci, yenə Aleksandra, amma bu dəfə «Bahar»la 3-cü olub. Turnir dünya kuboku və olimpiya oyunlarına xal ehtiyatının artırılması baxımından əhəmiyyət kəsb edirdi.

Xəbər 1461 dəfə oxundu.