UEFA "Qalatasaray"ı cəzalandıracaq
UEFA Türkiyənin "Qalatasaray" klubunu yenidən cəzalandıracaq.

Buna Çempionlar Liqasının qrup mərhələsinin IV turunda keçirilən "Borussiya" (Dortmund) - "Qalatasaray" matçında (4:1) qonaq azarkeşlərin meydançaya yad əşyalar atması səbəb olub.

Türkiyəli fanatların oyunun gedişində meydançaya pekardalar atması nəticəsində görüş iki dəfə dayandırılıb. "Cim Bom"un futbolçularından Felipe Melo, Həmid Altıntop və Fernando Muslera fanatları sakitləşdirməyə cəhd ediblər və buna nail olublar. Məhz bundan sonra oyun davam etdirilib.

Qeyd edək ki, analoji hadisə daha öncə "Arsenal" - "Qalatasaray" matçında (4:1) da yaşanmışdı. Həmin oyunda baş verənlərə görə UEFA "Qalatasaray"ı 50 min avro məbləğində cəzalandırmışdı. UEFA İntizam Komitəsinin bu dəfə Türkiyə təmsilçisinə hansı cəzanı kəsəcəyi maraqla gözlənilir.

Xəbər 774 dəfə oxundu.