Yığma komandalarımız Avropa Millətlər Kubokunda yarışacaq / HEYƏT
Noyabrın 7-dən 9-na qədər Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri keçiriləcək. Komanda yarışı xarakterli turnirdə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Belarus, Macarıstan, Bolqarıstan, İsveç yığmaları iştirak edəcək.

Artıq qonşu ölkəyə yollanacaq güləşçilərin siyahısı müəyyənləşib. Ümumilikdə yarışlarda yığmamızın idman şərəfini 30 güləşçi qoruyacaq.

İlk olaraq mübarizə qadın güləşçilər arasında baş tutacaq. Bu yarışda yığmamız baş məşqçi Semyon Çterev, böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında mübarizə aparacaq. Heyətdə Ayan Məmmədova (48 kq), Patimat Baqomedova (53 kq), Solmaz Həşimzadə, Alyona Kolesnik (hər ikisi 55 kq), İrina Netreba (58 kq), Nataliya Şinişin (60 kq), Elmira Qəmbərova (63 kq), Nadya Sementsova (69 kq), Səbirə Əliyeva və Gözəl Zutova (75 kq) yer alıb.

Sərbəst güləş yığmamız Moskvada baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında çıxış edəcək. Yığmanın heyətində Mahmud Məhəmmədov, Mircəlal Həsənzadə (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Nurməhəmməd Hacıyev, Aleksandr Qostiyev (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq) və Aslan Dzebişov (125 kq) yer alıb.

Baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Akiv Əliyevin rəhbərliyi altında mübarizə aparacaq yunan-Roma güləşi yığmasının heyətinə 10 güləşçinin adı daxil edilib. Yunan-Roma güləşi yarışlarında ölkəmizi Rövşən Bayramov, Elman Muxtarov (hər ikisi 59 kq), Kamran Məmmədov (66 kq), Azad Əliyev (71 kq), Rüstəm Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), Rafiq Hüseynov, Şəhriyar Məmmədov (hər ikisi 85 kq), Araz Həsənov (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edəcək.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Qərib Əliyev iştirak edəcək.

Xəbər 858 dəfə oxundu.