AGF nümayəndəliklərinin məşqçi və kuratorları ilə görüş keçirilib
Hövsan Olimpiya İdman Kompleksində Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmə güləşçilər arasında açıq Respublika seçim turniri keçirilir.

Turnirdə Azərbaycanın bütün bölgələrindən olan və AGF-nin nümayəndəliklərində keçirilmiş təsnifat yarışlarında mükafata layiq yerlər tutmuş idmançılar iştirak edir.

Bu gün Hövsan Olimpiya İdman Kompleksində AGF-nin nümayəndəliklərinin kuratorları və orda çalışan məşqçilərlə görüş keçirilib. Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərovun iştirak etdiyi görüşdə əvvəlcə kuratorların və məşqçilərin hesabatı dinlənilib.

Hesabatlar dinlənildikdən sonra çıxış edən AGF baş katibi ümumilikdə bölgələrdə görülən işləri qənaətbəxş hesab edib. Baş katib Federasiya prezidenti cənab Fazil Məmmədovun "Regionlarda güləşin inkişafı" barədə əmrini görüş iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, Federasiya rəhbərliyi bölgələrdə yeniyetmə və gənc güləşçilərin aşkarlanması və yığma komandalara cəlb edilməsinə xüsusi diqqət ayırır.

"Federasiya Prezidenti cənab Fazil Məmmədov "Regionlarda güləşin inkişafı barədə" əmr imzalayıb. Əmrin hazırlanmasında əsas məqsəd bölgələrdə məşqçilərin fəaliyətini daha da gücləndirmək, seleksiya işlərinə daha ciddi nəzarət etmək və yeni, perspektivli güləşçilərin axtarılması və üzə çıxarılmasını davam etdirməkdir. Bu proses bu günə qədər də həyata keçirilirdi. Ancaq bundan sonra nümayəndəliklərin üzərinə daha çox məsuliyyət düşür. Həm kuratorlar, həm də məşqçilər öz işlərinə daha ciddi yanaşmalı, əvvəlkindən daha artıq çalışmalıdır".

Görüşün sonunda AGF nümayəndəliklərinin məşqçi və kuratorlarının gələcək planları müəyyənləşdirilib, müvafiq göstərişlər verilib.

Xəbər 780 dəfə oxundu.