Açıq Bakı Kriterium yarışları başa çatdı
Azərbaycan Velosiped İdmanı Federasiyasının 2014-cü ilin təqvim-planına əsasən Veloparkda keçirilən Açıq Bakı Kriterium yarışına yekun vurulub. Bununla da 3 mərhələnin yekununa əsasən yarışın qalibləri müəyyənləşib.

Sonuncu, 3-cü mərhələdə mübarizə daha gərgin alınıb. 15 yaşadək yeniyetmələr arasında İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin təmsilçisi İvan Orlov bütün rəqiblərindən daha yaxşı çıxış edib. U-17 yaş qrupunda isə 8 saylı İdman Olimpiya Mərkəzinin velosipedçisi Mikayıl Səfərli ən yüksək nəticə göstərib. Gənclər, U-23 və Elit yaş qrupunda isə "Synergy Baku" komandasının üzvü Aqşin İsmayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

3 mərhələnin yekununa əsasən, U-15 yaş kateqoriyasında İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin nümayəndəsi Qadir Mustafayev Açıq Bakı Kriterium yarışının qalibi olub. Həm 17 yaşlılar, həm də gənclər, U-23 və Elit yaş qrupunda isə 8 saylı İdman Olimpiya Mərkəzinin üzvləri Mikayıl Səfərli ilə Elgün Əlizadə birincilik qazanıblar. Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.

Xəbər 854 dəfə oxundu.