Azərbaycan Taekvondo Federasiyası 2011-ci ilə yekun vurdu
Azərbaycan Taekvondo Federasiyası 2011-ci ilin yekunları ilə bağlı bu gün hesabat konfransı keçirib. Qurumun inzibati binasında təşkil edilən tədbirdə federasiyanın vitse-prezidenti Füzuli Musayev, baş katibi Həmid Məmmədov və Gənclər və İdman Nazirliyinin sektor müdiri Cəbrayıl Həsənov iştirak ediblər.

Konfransda öncə çıxış edən Məmmədov bildirib ki, 2011-ci il Azərbaycan taekvondoçuları üçün çox uğurlu olub: “Əsas məqsəd Olimpiya Oyunlarında möhtəşəm iştirakdır. 4 il bunun üçün çalışırsan və Olimpiadada bunun bəhrəsini görürsən. Sevindirici haldır ki, taekvondoçularımız artıq 2 lisenziyaya sahib olublar. Bunun sayının artacağı da istisna deyil. Bizim üçün Olimpiya Oyunları daha çox əhəmiyyətlidir”.

Daha sonra Musayev il ərzində taekvondoçularımızın çıxış etdikləri yarışlar barədə məlumat verib. O bildirib ki, idmançılarımızın il ərzində qazandıqları 705 medalın 102-si məhz taekvondoçularımızın payına düşüb: “İdmançılarımız müxtəlif beynəlxalq səviyyəli yarışlarda 102 medala yiyələndilər. Bu idman növündə 20-dən artıq A kateqoriyalı yarış var ki, onlardan biri “Azərbaycan Open”dir. Bu, Ümumdünya Taekvondo Federasiyasının bizə verdiyi qiymətdir. Reytinq xarakterli bu yarış da ölkəmizdə uğurla keçdi. Həmçinin, lisenziya xarakterli yarışa əla ev sahibliyi etməklə yanaşı, çıxışımız da inamlı alındı. 2 lisenziyaya sahib olduq və ilk dəfə Olimpiadada qız taekvondoçu da təmsil edəcək. Ümumiyyətlə, ölkəmiz həmişə əla ev sahibliyi ilə fərqlənir. Bunun üçün də Azərbaycanda hər il hansısa idman növü üzrə dünya çempionatı keçirilir. Bu il boks üzrə mundial paytaxtımızda keçdi. Boksçularımız 1 qızıl və 1 gümüş medalla yanaşı, London-2012-yə 5 lisenziya qazanıblar”.

Musayevin sözlərinə görə, London Yay Olimpiya Oyunlarına tam heyətlə - 4 nəfərlə yollanmağı planlaşdırırlar: “Yanvarın sonunda Kazanda Avropa Olimpiya Təsnifat Turniri olacaq. Bu yarışa çox səylə hazırlaşırıq. İdmançılarımız çox ağır məşqlərə baxmayaq, üzərilərində inamla işləməkləri hamımızı sevindirir. Onlar məsuliyyətlərini dərk edərək, belə çətin hazırlığa dözürlər. Bildiyiniz kimi, bu idmançılarla müəyyən müddətdir ki, Koreyadan cəlb etdiyimiz 2 məşqçi də məşğul olur. Artıq onlara Azərbaycan adları da vermişik – Cavanşir və Sona. Ümid edirik ki, növbəti yarışda daha 2 lisenziyaya da sahib olaraq, Böyük Britaniyaya tam heyətlə gedəcəyik. Çünki hazırda ölkəmizdə taekvondo idman növü sürətlə inkişaf edir və bunu yeniyetmələrlə yanaşı, gənc taekvondoçularımız da sübut edirlər. Məsələn, Fəridə Əzizovanın cəmi 16 yaşı var və London-2012-yə lisenziya qazanıb. Bu bir daha göstərir ki, güclü taekvondoçularımız yetişirlər. Onlara ümidimiz böyükdür. Artıq aparıcı ölkələr Azərbaycanla hesablaşırlar”.

Taekvondo üzrə milli komandalarımıza legionerlərin cəlb olunması da gündəmdən düşüb. Musayev bildirib ki, artıq azərbaycanlı idmançılar gəlmə əcnəbilərlə müqayisədə daha güclüdürlər: “Biz aparıcı taekvondoçularımız karyeralarını bitirdikdən sonra Koreyadan legionerlər dəvət etdik. Lakin dünyanın aparıcı taekvondo ölkəsi hesab olunan asiyalılar burada özlərini göstərə bilmədilər. Onlar Azərbaycan çempionatının finalında belə həmyerlilərimizə uduzdular. 1 ilə kimi də burada qaldılar. Lakin lazımı nəticələri göstərə bilmədikləri üçün yola saldıq. Hazırda bizdə məktəb güclü olduğu üçün heç bir legionerə ehtiyacımız yoxdur. Lakin xarici ölkələrdən yalnız müəllim və məşqçi edə bilərik. Dünya reytinqində Azərbaycan 210 ölkə arasında həmişə ilk “10-luq”da yer alıb. Bu, bizim gücümüzü göstərir. Əgər əvvəllər püşkdə koreyalı, iranlı, türkiyəli və digər güclü idmançılarla düşdükdə köks ötürürdüksə, artıq indi püşkdən sonra bütün ölkələr özləri baxırlar ki, azərbaycanlı taekvondoçu ilə düşüb, yoxsa yox”.

Vitse-prezident milli komandada boy artımını da önəmli hadisə sayır. O bildirib ki, yeni nəsildə taekvondo üçün vacib olan bu amil də xoş gələcəkdən xəbər verir: “Bizim idman növündə boy çox vacibdir. Çünki ən çox xal başa vurulanda verilir ki, burada da boy hündür olduqda ən azı bilirsən sənə belə zərbə vuran olmayacaq. Əksinə, sən hər zaman bunu yerinə yetirə bilərsən. Hazırda da lisenziya qazanan taekvondoçularımız da hündürdürlər”.

Musayev Azərbaycanda taekvondo ilə yanaşı parataekvondoya da xüsusi diqqət yetirildiyini vurğulayıb. 2016-cı ildən Paralimpidaya salınacaq bu növdə ölkəmiz artıq uğurlarını sıraladıqlarını və Avropa çempionatında 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazandıqlarını bir daha diqqətə çatıdırb: “Onlar da çox yaxşı çıxış edirlər. Biz taekvondoçularla parataekvondoçular arasında heç bir fərq qoymuruq. Çalışırıq ki, 2016-cı ildən Paralimpiadanın proqramına salınacaq bu növdə də güclü komanda yaradaq”.

Vitse-prezident taekvondoda problemlərdən də danışıb. O bildirib ki, iş olan yerdə çətinlik qaçılmazdır: “Bir qədər psixoloji çətinliklər hiss olunur. Bir də görürsən nəticə verə biləcək idmançı səviyyəsindən aşağı çıxış edir. Sinqapurda baş tutan yeniyetmələrin Olimpiadasında da belə oldu”.

Gənclər İdman Nazirliyinin sektor müdiri Cəbrayıl Həsənov da da taekvondo idman növünün inkişaf etdiyini və federasiyada işlərin düzgün qurulduğunu bildirdi: “Burada işlər yüksək səviyyədə görülür. Rayonlarda da düzgün iş aparılır. Bunun nəticəsi olaraq, 4 lisenziyadan 2-sini artıq qazanıblar. Özü də bu idmançılar legioner deyillər, öz balalarımızdır. Kazanda da lisenziyaların sayı artsa, əla olacaq. İnanıram ki, taekvondoçularımız bu dəfə sözlərini deyəcəklər”.

Qeyd edək ki, taekvondoçularımızın 2011-ci ildə qazandıqları 102 medaldan 29-u qızıl, 29-u gümüş və 44-ü bürüncdür.

Apasport.az

Xəbər 1356 dəfə oxundu.