Azərbaycan karatesinin inkişafı dünya mediasının diqqətində
Dünyada idman ölkələrindən biri kimi tanınan Azərbaycanda karatenin inkişafı da xarici medianın diqqət mərkəzindədir. Ölkəmizdə inkişaf etmiş bu döyüş idman növü ilə bağlı geniş reportaj hazırlamaq üçün bu dəfə xorvatiyalı idman jurnalistləri Bakıda olublar.

Milli Karate Federasiyasının birinci vitse-prezidenti İlham Qasımzadə ilə geniş söhbət aparan Zrinka Perez nüfuzlu karate-news.net informasiya portalında ölkəmizdən, Bakıda keçiriləcək ilk Avropa oyunlarına hazırlıqdan və respublikamızda karate idman növünün inkişafından geniş reportaj hazırlayıb.

Federasiyadan verilən məlumatda bildirilir ki, peportajda İ.Qasımzadənin ölkəmizdə və dünyada yüksək sürətlə inkişaf edən karatenin tarixi ilə bağlı maraqlı fikirləri yer alıb. O, federasiyanın 20 illik yubileyi, əldə edilən nailiyyətlər, komanda-kumite yarışlarında Avropa çempionatında qazanılan böyük uğurlardan söhbət açıb. İ.Qasımzadə baş sponsor Azərbaycan Beynəlxalq Bankı tərəfindən 2014-cü ildə karatenin inkişafında daha ciddi hədəflərin istiqamət götürülməsini də qeyd edib.

Federasiyadan o da bildirilib ki, Milli Karate Federasiyası bu mötəbər karate informasiya portalı ilə ilin əvvəlindən sıx əməkdaşlıq edir və Azərbaycan karatesinin dünyada təbliğinə böyük dəstək verir.

Leyla QURBANOVA

Xəbər 1041 dəfə oxundu.