Reqbiçilər gələcəyə ümidlə baxırlar

Dünən Azərbaycan Reqbi Federasiyasının (ARF) cari ildəki fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən ARF-in inkişaf şöbəsinin rəisi və mətbuat katibi Emil Əliyev, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıb; cari ildə reqbi sahəsində qazanılan uğurlar barədə məlumat verib. Bildirib ki, 2011-ci ildə idmançılarımız bir neçə beynəlxalq turnirdə iştirak edib və paytaxtımızda bir neçə yarış təşkil olunub. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirdə xarici ölkədən komandalar da qüvvələrini sınayıblar.
Yığıncaqda Azərbaycan reqbiçilərinin əcnəbi ölkələrin klublarında çıxış etdiyi də diqqətə çatdırılıb. Millimizin üzvləri Eldar Nəsrullayev, Renat Əliyev, Nizami Mahmudov və Əli Ələkbərov hazırda Moskva «Spartak»ının şərəfini qoruyurlar. İdmançılarımızın Rusiya liqasında çıxış etməsi oyun təcrübəsinin artması baxımından onların xeyrinə olacaq. Sonra tədbirdə yeniyetmələrdən və böyüklərdən ibarət milli komandamızın 2011-ci ildəki çıxışı ilə bağlı videoçarx nümayiş edilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) sektor müdiri Gündüz Vəliyev, Azərbaycan idmançılarının qazandığı uğurlardan danışıb və ölkəmizin mötəbər turnirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, 2009-cu ildən BŞGİBİ-nin təşkilatçılığı ilə reqbi üzrə yarışlar keçilir. Cari ildə Bakı şəhər yığma komandası Gürcüstanın Poti şəhərində keçirilən turnirdə uğurla iştirak etib və xüsusi kuboka sahib olub. Bu idman növünün gənclər arasında çox populyar olduğunu diqqətə çatdıran G.Vəliyev, idmançılarımızın uğurlarının davamlı olacağını ifadə edib.
Milli komandanın baş məşqçisi Vaqif Sadatxan və «Cəlilabad» komandasının çalışdırıcısı Tofiq Mahmudov reqbi idman növünə yalnız paytaxtda deyil, regionlarda da böyük maraq olduğunu diqqətə çatdırıb və idmançılarımızın növbəti ildə də uğurla çıxış edəcəklərinə inandıqlarını bildiriblər.
Qeyd edək ki, reqbi-7 2006-cı ildən olimpiya proqramına salınıb. Hazırda federasiya bu idman növünün inkişafı üçün səylərini daha artırıb. Məqsəd, Avropa zonasında «C» divizionunda qərarlaşmış yığma komandamızı yüksək liqalara çıxartmaq, ən başlıcası, olimpiya oyunlarına vəsiqə qazanmaqdır. Toplantıda mütəxəssislər qeyd ediblər ki, reqbi növündə «dördillik»də iştirak hüququ qazanmaq elə də çətin deyil, sadəcə, aidiyyatı təşkilatlardan lazımi dəstəklə bunu yaxın gələcəkdə gercəkləşdirmək mümkündür.
Tədbirin yekununda federasiyanın yeni internet saytının www.rugby.az) təqdimatı keçirilib.

KAMRAN

Xəbər 2460 dəfə oxundu.