"Qəbələ" Bakıya gəlir
Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində oktyabrın 17-də Bakıda “Qarabağ”la qarşılaşacaq "Qəbələ” matçın hazırlıqlarını davam etdirir.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, AZAL-la oktyabrın 9-da keçirilən yoxlama oyunundan sonra 1 günlük istirahət edən komanda ardından bərpa etdiyi hazırlıqlarının Qəbələ mərhələsini başa vurub.

Zədə səbəbindən bir müddət hazırlıqlardan kənar qalan Dodo da bu çalışmalarda iştirak edib. Fərqi proqramla çalışan Volodimir Levin isə komanda ilə məşq keçmir.

Doğma stadionda son məşqinə çıxan komanda bu gün səhər saatlarında paytaxta yollanacaq. Dorinel Muntyanunun komandasının oyunöncəsi son məşqi qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Milli komandaların düşərgələrindən qayıdan futbolçular da məhz həmin məşqdə komandaya qoşulacaq. Yığmaya yollanan, amma zədə üzündən İtaliya və Xorvatiya ilə matçlarda iştirak edə bilməyən Ruslan Abışovla Ruslan Əmircanov da Bakıdakı məşqdə komandaya qoşulacaq.

Qeyd edək ki, “Qarabağ”la Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 19:30-da başlayacaq. Matç "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər 868 dəfə oxundu.