Buvaysar Saytiyev: “Azərbaycan xalqına qibtə edirəm”
Rusiya idmanının canlı əfsanəsi sərbəst güləş üzrə 3 qat olimpiya, 6 qat dünya və 6 qat Avropa çempionu Buvaysar Saytiyevlə Gənclər və İdman Nazirliyində görüş keçirilib. Görüş mərasimində iştirak edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə həyatın bütün sahələrində olduğu kimi, idmana da dövlət tərəfindən xüsusi diqqət göstərildiyini bildirib. Nazir müavini Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın sürətli inkişafı, idmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətləri barədə danışıb, ölkəmizin bir sıra nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etdiyini deyib. Tədbirdə 2015-ci ildə Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə bağlı geniş məlumat verilib. Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev ölkəmizdə güləşin inkişafı üçün hər cür şəraitin yaradıldığını qeyd edib. Namiq Əliyev Buvaysar Saytiyevi paytaxtımıza dəvət etməklə ölkəmizdə güləşi daha da populyarlaşdırmaq və müəyyən məsələlərlə bağlı fikir mübadiləsi aparmaq istədiklərini deyib: “Həqiqətən də bu gün idmançılarımız üçün hər cür şərait yaradılıb. Ölkə başçısı cənab İlham Əliyev bütün sahələri, o cümlədən, idmançıları daim diqqətdə saxlayır. Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov idmanın bu növünün daha da inkişaf etməsi üçün əlindən gələni əsirgəmir. Daim mövcud vəziyyəti nəzarətdə saxlayır. Federasiyamız hətta regionlarda da güləşçilər üçün hər cür şərait yaradıb. Bütün bunlar gələcəkdə beynəlxalq turnirlərdə, o cümlədən, 1-ci Avropa Oyunları və Olimpiya Oyunlarında yüksək nəticələr qazanmağımıza zəmin yaradacaq. Buvaysar Saytiyev titullu, dünyada tanınmış bir idmançıdır. Dəvətimizi qəbul edib gəldiyinə görə ona minnətdarlığımızı bildiririk. Onun gəlişi ölkəmizdə güləşin populyarlaşması üçün atılan addımlardan biridir”. Çıxış edən Buvaysar Saytiyev dəvətə görə minnətdarlığını bildirib: “Mənim 4 övladım, qardaşım və bacım uşaqları var. Onların da sağlam nəsil kimi yetişdirilməsi üçün idmanın əhəmiyyəti

böyükdür. Ölkənizdə idmanın, güləşin inkişafı üçün bu cür şəraitin yaradılması məni sevindirir. Bu şəraitdə yeniyetmə və gənclər sağlam böyüyür, pis vərdişlərdən uzaq olur, beləliklə gələcəkdə layiqli insana çevrilmələri üçün zəmin yaranır. Xüsusilə də dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə bəxtiniz gətirib. Bir sıra nüfuzlu yarışlar, Avropa Oyunlarını keçirmək Azərbaycanın güclü dövlət olmasından xəbər verir. Etiraf edim ki, güləşçilərinizin son vaxtlar qazandıqları uğurları mən də böyük maraqla izləyirəm. Dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında medalların sayının getdikcə artması inkişafın bariz nümunəsidir. Əlbəttə, bütün bunlar Azərbaycan Güləş Federasiyasının düzgün yolda olduğunu göstərir”. Tədbirdən sonra Azərbaycan Güləş Federasiyasının rəhbərliyi Buvaysar Saytiyevi Avropa oyunları üçün nəzərdə tutulan obyektlərdən bəziləri ilə tanış edib.

Gənclər və İdman Nazirliyində keçirilən görüşdən sonra B. Saytiyev media nümayəndələrinin suallarını cavablandırıb: “Bakı çox gözəl şəhərdir. Paytaxtınızı nə qədər tərifləsəm, az olar. Ümumiyyətlə, ölkənizin sürətlə inkişafı göz qabağındadır. Vaxtilə ulu öndər Heydər Əliyevin apardığı uğurlu siyasət, hal-hazırda oğlu, ölkənizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, xalqı sevir. Ölkənizə bu cür nüfuzlu yarışları həvalə edirlərsə, bilirlər ki, burada hər cür şərait yaradılıb. Düzü, bu mənada sizin xalqınıza qibtə edirəm. Mən özüm Krasnoyarskda yaşayıram. Rusiyadan ölkənizin sürətli inkişafını böyük maraqla izləyirik. Birinci Avropa Oyunları ilə bağlı ölkənizə dəvət olunduğum üçün qürur hissi keçirirəm. Hiss olunur ki, yarışlara səylə, böyük həvəslə hazırlaşırsınız. Mən də öz təcrübəmi bölüşməyə hazıram. Ümid edirəm və inanıram ki, Bakı ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək. Yarışların idmana, xüsusən də, mənə daha yaxın olan güləşə marağın daha da artmasına şərait yaradacağını düşünürəm”.

Leyla QURBANOVA



Xəbər 877 dəfə oxundu.