Gənclər və İdman Nazirliyi 2011-ci ilə yekun vurdu

Ən yaxşılar “Buta”da elan edildi

Dekabrın 23-də Gənclər və İdman Nazirliyi 2011-ci ilin idman yekunlarına həsr olunmuş təntənəli mərasim keçirib. Ənənəyə uyğun olaraq, “Buta-Palas” sarayında keçirilən tədbirdə ilin ən yaxşı idmançılarının adları elan olunub.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, bu il ölkəmizin idman ictimaiyyəti üçün uğurlu olub. 2011-ci ildə Azərbaycanda 42 beynəlxalq yarış təşkil edilib. İdmançılarımız 275 beynəlxalq yarışda 705 medal, o cümlədən olimpiya idman növlərində 276, qeyri-olimpiya növlərində 429 medal qazanıblar. İl ərzində dörd olimpiya idman kompleksi istifadəyə verilib, daha on mərkəzin tikintisi davam edir. Azərbaycan idmançılarının bu uğurları Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə bədən tərbiyəsinin və idmanın inkişafına qayğısı sayəsində mümkün olub.

Gələn il Olimpiya ilidir. Azərbaycan idmançılarının Londonda keçiriləcək Olimpiya oyunlarına indiyədək idmanın 10 növündə qazandıqları lisenziyaların sayı 30-a çatıb. Nazir bildirib ki, o, idmançılarımızın gələn daha 20 vəsiqə qazanacağına ümid edir. Mərkəzi Ordu İdman Klubunu 50 illik yubileyi münasibətilə təbrik edən nazir klubun rəisi, polkovnik Natiq Əliyevə xüsusi kubok təqdim etdi.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də mərasimdə çıxışında vurğulayıb ki, əvvəlki illər kimi 2011-ci il də Azərbaycan idmanı üçün uğurlu olub, idmançılarımız bu ili yüksək göstəricilərlə başa vurublar.

Sonra davam edən bədii hissə ilə birlikdə ilin ən yaxşılarının adları élan edilib. Əvvəlcə ölkəmizdə fəaliyyət göstərən telekanalların müxtəlif idman növlərinin inkişafına həsr etdikləri süjetlər nümayiş etdirilib. Hər telekanalın hazırladığı süjetdən sonra həmin kanalın əməkdaşı ona təqdim edilmiş zərfi açaraq müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarının adlarını élan edib.

Beləliklə, voleybolçu qadınlar arasında dünya çempionu adını qazanmış, çempionlar liqasında isə ikinci yeri tutmuş “Rabitə” voleybol klubu ilin ən yaxşı komandası hesab edilib.
Azərbaycan Boks Federasiyası ilin ən yaxşı federasiyası, Rövşən Bayramovun şəxsi məşqçisi Hicran Şərifov isə ilin ən yaxşı məşqçisi adına layiq görülüb.

Atçılıq İdmanı Federasiyası ilin ən yaxşı idman təşkilatı, Ələkbər Cəfərov ilin ən fəal veteranı, “Kür” Olimpiya Tədris-Məşq Bazası ilin ən yaxşı idman bazası, Vahid Nəzərov (ağır atletika) və Əjdər Cəfərov (güləş) ən yaxşı hakim hesab ediliblər.

Respublika paytaxtındakı 16 nömrəli idman məktəbi ilin ən yaxşı idman məktəbi adına layiq görülüb. “Space” telekanalı 2011-ci ildə idmanı ən yaxşı işıqlandırdığına görə ilin televiziya kanalı mükafatı ilə təltif edilib. İlin ən yaxşı idman jurnalisti adına Rövşən Binnətli (“Lider” TV) layiq görülüb.

Sonra ilin ən yaxşı 10 idmançısının adları élan edilib. Bunlar boksçu Maqomedrasul Məcidov, kanoeçi Valentin Demyanenko, yunan-Roma güləşçisi Rövşən Bayramov, güləşçi Mariya Stadnik, boksçu Teymur Məmmədov, güləşçi Şərif Şərifov, gimnast Aliyə Qarayeva, ağır atlet Valentin Xristov, cüdoçu İlqar Müşkiyev və taekvondoçu Ramin Əzizovdur.

Tədbir ilin ən yaxşı idmançılarının şərəfinə hazırlanmış xüsusi tortun kəsilməsi ilə başa çatdı.

Xəbər 1814 dəfə oxundu.