"Together we can"

Bu gün Bakı şəhərinin 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyini irəli sürməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsi təqdimat mərasimi keçirib.

Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Sonra səhnəyə olimpiya çempionları Zemfira Meftahəddinova və Elnur Məmmədli, ikiqat paralimpiya çempionu İlham Zəkiyev, eləcə də uşaq idmançılar dəvət olunublar.

Çempionlar öz çıxışlarında Bakının 2020-ci il Yay Olimpiya və Paralimpiya oyunlarına namizədliyinə dəstək veriblər. Z.Meftahəddinova və İ.Zəkiyev Azərbaycanın çox qısa müddətdə böyük uğurlara imza atdığını və Olimpiada təşkilinə də nail olacağını bildiriblər. E.Məmmədli 2020-ci il Olimpiadasını Bakıda keçirmək üçün Azərbaycanın çox böyük şanslara malik olduğunu qeyd edib: “Həmin vaxt 32 yaşım olacaq. İnanıram ki, idmançı kimi həmin Olimpiadada iştirak edəcəyəm”.

Baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov başda olmaqla təşkilat komitəsinin üzvləri “Bakı-2020”nin loqosunu təqdim ediblər. "Together we can" (“Birlikdə bacararırq”) şüarı ilə hazırlanmış və Azərbaycan milli xalçaçılıq sənətində tətbiq olunan ornament əsasında hazırlanmış loqoda olimpiya halqalarının rəngləri də öz əksini tapıb.

Azərbaycanı “Eurovision” müsabiqəsində təmsil etmiş Aysel Teymurzadənin iştirakı ilə hazırlanmış reklam roliki də təqdim edilib və bu videoçarx bir çox telekanallarda nümayiş etdiriləcək. www.baku2020.com saytı da fəaliyyətə başlayıb.

Mərasimdən sonra jurnalistlər üçün qısa brifinində gənclər və idman naziri Azad Rəhimov bəyan edib ki, Azərbaycan Olimpiya oyunlarına ev sahibliyi etməyə hazırdır: “2012-ci il fevralın 15-nə qədər sifariş kitabçamız Beynəlxalq Olimpiya Komitəsinə təqdim olunmalıdır. Hazırda bununla bağlı iş gedir. Eyni zamanda “piar” sahəsində işlər aparılır”.

Xəbər 1249 dəfə oxundu.