Azad Rəhimov: «Sübut etməliyik ki, Bakı olimpiadaya ev sahibliyi etməyə hazırdır»

«Bu mərhələdə əsas vəzifəmiz ondan ibarətdir ki, 2012-ci il fevralın 15-dək Beynəlxalq Olimpiya Komitəsinə Sifariş Kitabını təqdim edək. Hazırda dünyada tanınmış 3 şirkətlə müqavilə bağlanılıb. Həmin şirkətlərdən biri həm strateji, həm də nəqliyyat, ekologiya, mühafizə və digər məsələlərlə bağlı suallara cavabları Sifariş Kitabında hazırlayırlar». İdman.com.az saytının məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakı-2020-nin rəsmi loqosunun təqdimat mərasimində gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, digər şirkət piar və kommunikasiya məsələləri, üçüncüsü isə Bakıda bir neçə texniki işlər – vebfilm, videoçarxlar çəkir: «Bunların hamısını yerinə yetirməklə biz sübut etməliyik ki, Bakı həqiqətən də 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırdır. Bunu bütün xalq istəyir. Xalqımız bundan tam şəkildə məlumatlıdır. Biz çox istərdik ki, bu işə dəstək məmurlardan, dövlətdən yox, ən əsası, xalqdan gəlsin».

K.HACI

Xəbər 1200 dəfə oxundu.