Millimizin oyunçusu yenə birincidir
Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova dünya çempionatının bombardirlər siyahısında mövqeyini möhkəmləndirib. Milliləşdirilmiş hücumçumuz Dominikan Respublikasına 1:3 hesabı ilə uduzduğumuz qarşılaşmada daha 26 xal qazanaraq, 1-ci pillədəki yerini heç kimə güzəştə getməyib.

Hazırda Rəhimovanın aktivində 174 xalı var. Voleybolçumuz 7 matçın yekununa əsasən, bu xallardan 145-ni hücumda, 15-ni blokda və 14-nü servisdə qazanıb. Onun ən yaxın izləyicisi Tatyana Koşelyovadır. Rusiyalı oyunçu Polinadan 31 top geri qalır. İlk “üçlüyü” isə Betanya De La Kruz (Dominikan Respublikası) qapayır. Mərkəzi amerikalı 132 xala yiyələnib.

Yığmamızın digər üzvlərindən Kseniya Kovalenko 50 xalla 61-ci, Odina Əliyeva 42 xalla 71-ci, Anastasiya Qurbanova 35 xalla 84-cü, Yekaterina Jidkova 28 xalla 95-ci, Oksana Parxomenko 25 xalla 99-cu, Ayşən Əbdüləzimova 24 xalla 101-ci, Yana Ağayeva 10 xalla 109-cu, Yelena Parxomenko 13 xalla 135-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, I qrup mərhələsində mübarizəni dayandıran 8 yığmanın voleybolçuları siyahıdan çıxarıldıqdan sonra cədvəldə 179 oyunçunun adı qalıb.

Xəbər 843 dəfə oxundu.