"Dieqo Kosta ardıcıl üç matçda oynaya bilməz" – Mourinyo
[18.09.2014]
"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsinin "Şalke" ilə görüşündə (1:1) Dieqo Kostanı start heyətində meydana buraxmamasına münasibət bildirib. Klubun rəsmi saytına danışan portuqaliyalı mütəxəssis Kostanın ardıcıl üç matçda oynamağa hazır olmadığını deyib:
"Kostanın müəyyən problemləri var və o, ardıcıl üç matçda oynamaya bilməz. Əgər millinin oyunundan sonra onun bərpa olunması üçün bir həftə vaxtı qalsaydı, o zaman "Şalke"yə qarşı start heyətində meydana çıxa bilərdi. Onun millidə zədə alması, indi bizə problem yaradır. Ancaq vəziyyətdən çıxmaq üçün əlimizdən gələni edəcəyik. "Şalke"yə qarşı var gücü ilə oynaya bilmədi, amma ümid edirəm ki, bazar günü Premyer Liqada qarşılaşacağımız "Mançester Siti" ilə oyuna tam hazır olacaq. Əgər Kosta "Şalke" ilə matçın start heyətində meydana çıxsaydı, "Mançester Siti"yə qarşı oynaya bilməyəcəkdi".
Qeyd edək ki, Kosta "Şalke" ilə matçın 74-cü dəqiqəsində meydana daxil olub. İspaniya millisinin üzvü Didye Droqbanı əvəzləyib.

Xəbər 802 dəfə oxundu.