Qəbələ Olimpiya İdman Kompleksi
İstifadəyə verilmə tarixi: 17.11.2011

Şəhərin mərkəzində yerləşən Qəbələ Olimpiya İdman Kompleksinin tikintisinə 2007-ci ildə başlanılmışdı. Bu nəhəng idman qurğusunun inşası üçün 4,3 hektar torpaq sahəsi ayrılıb.

İkimərtəbəli kompleksdə idman zalı, üzgüçülük hovuzu, trenajor zalları, yeməkxana, məşq zalları və kotteclər yaradılıb. Kompleks Qəbələdə idmanın müxtəlif sahələrinin müasir standartlar səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunub.

Burada idmançıların asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait vardır. Bunun üçün kompleksin ikinci mərtəbəsində bilyard və tennis masaları quraşdırılıb.

Qəbələ Olimpiya İdman Kompleksi ölkəmizdə istifadəyə verilən sayca 32-ci belə idman qurğusudur. Əsas binanın tikinti sahəsi 9 min kvadratmetrdir.

İdman zalında mini-futbol, basketbol, voleybol, gimnastika, boks, güləş növləri üzrə beynəlxalq səviyyəli turnirlərin keçiriləcəyi zalda yarışları izləyəcək tamaşaçılar üçün 720 oturacaq quraşdırılıb. Burada qadın və kişilər üçün ayrı-ayrılıqda trenajor zalları yaradılıb. Zallar müasir avadanlıqla təchiz olunub.

Üzgüçülük hovuzunda xüsusi nəmalma qurğusu quraşdırılıb. Buradakı yarışları 80 nəfər izləyə biləcər.

Açıq havada yaradılan idman qurğuları ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, buradakı süni örtüklü açıq stadion 1540 tamaşaçı tutumuna malikdir. Bundan başqa, burada mini futbol, tennis kortu, basketbol və voleybol meydançaları vardır.

Kompleksdə hər cür şəraiti olan üç kottec də inşa olunub. Burada həm idmançılar, həm də qonaqlar istirahət edə biləcəklər.

AZ-3600, Qəbələ şəhəri, 28 may küçəsi, 37.
Telefon: 024-205-10-85

Xəbər 10803 dəfə oxundu.