Məcidovun rəqibləri bəlli oldu
AİBA Pro Boxing (APB) yarışında nəhayət ki, super ağır çəki dərəcəsində mübarizə aparacaq idmançıların da adlarına aydınlıq gəlib. Dünya və Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov bu çəkidə əsas favoritlərdən sayılır. Onun əsas rəqibləri 2011-ci ilin Avropa çempionu rusiyalı Məhəmməd Omarov, 2 dəfə dünya çempionatının bürünc mükafatçısı olmuş almaniyalı Erik Pfeyfer və WSB liqasının döyüşlərində pis təsir baöışlamayan rumıniyalı Mihay Nistor olacaq. Qeyd edək ki, Məcidov artıq iki dəfə Omarovla üz-üzə gələrək, hər iki qarşılaşmada qalib gəlib. Boksçumuz Rusiya nümayəndəsini həm London Olimpiadasının ¼ finalında, həm də ötən il Almatıdakı dünya çempionatında məğlub edib. Superağır çəki dərəcəsində APB-nin döyüşləri Bakıda keçiriləcək. Məhəmmədrəsul Məcidovdan başqa, Braziliya Olimpiadasına lisenziya verən bu yarışda Cavid Çələbiyev (56 kq) və Fariz Məmmədov da gücünü sınayacaq. APB-nin püşkatma mərasimi sentyabrın 17-də Astanada olacaq.

Məhəmmədrəsul Məcidov (Azərbaycan) – 27 yaşı var. 2 qat Dünya çempionu (Bakı, 2011-ci il, Almatı, 2013-cü il), Avropa çempionu (Minsk, 2013-cü il). 2012-ci il London Olimpiadasının bürünc mükafatçısı.

Mihay Nistor (Rumıniya) – 23 yaşı var. 4 qat Rumıniya çempionu.

Erik Pfeyfer (Almaniya) – 27 yaşı var.2 dəfə dünya çempionatının bürünc mükafatçısı (Bakı, 2011-ci il, Almatı, 2013-cü il).

Fakundo Sezar Ghiglioni (Argentina) – 31 yaşı var. “Argentina Condors” komandasının heyətində WSB liqasının iştirakçısı.

Sergey Verveyko (Ukrayna) – 26 yaşı var. WSB liqasının iştirakçısı.

Ouatah Nevfel (Fransa) – 28 yaşı var. Peşəkar boksda 13 döyüşdən 12-də qalib gəlib.

Məhəmməd Arjaoui ( Mərakeş) - 27 yaşı var. 2008-ci il Pekin Olimpiadasının iştirakçısı.

Məhəmməd Omarov (Rusiya) – 24 yaşı var. Avropa çempionu (Ankara, 2011-ci il).

Xəbər 877 dəfə oxundu.