Migitinov Umaxanov turnirində 3-cü oldu
Rusiyanın Kaspiysk şəhərində Dağıstanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd-Salam Umaxanovun xatirəsinə həsr olunmuş beynəlxalq boks turnirinə yekun vurulub. Yarışda 12 ölkənin 109 boksçusu iştirak edib. “Baku Fires” klubunun boksçularından Soltan Migitinov (81 kq) və Omar Omarov (91 kq) turniri 3-cü yerdə başa vurublar. London olimpiadasının iştirakçısı Migitinov ilk döyüşdə rusiyalı Haclmurad Xasxanova 2-ci raundda texniki nokautla qalib gəlsə də, yarımfinalda Məhəmmədmurad Arslanbekova uduzub. Qeyd edək kİ, milli komandamızın boksçusunun məğlubiyyətində hakimlərin də “rolu” olub. Migitinov bir dəfə rəqibini noqdauna salsa da, hakimlər 2 dəfə boksçumuza xəbərdarlıq verməklə sonda yerli idmançının qələbəsinə təmin ediblər. Omar Omarov ilk görüşdə rusiyalı Abdulla Abdullayevi məğlub etsə də, yarımfinalda Vadim Lixmana uduzub. Dünya və Avropa çempionu Albert Səlimov da ilk dəfə Azərbaycan bayrağı altında beynəlxalq turnirdə iştirak edib. “Baku Fires” klubunun baş məşqçisi Nuripaşa Talibovun sozlərinə görə, Səlimovun ilk qarşılaşmada məğlubiyyəti üçün hakimlər əlindən gələni ediblər. Qeyd edək ki, Fərid Əliyev (49 kq) ,Albert Səlimov (60 kq), Cavadxan Sultanov (64 kq), Fərid İsmayılov, Kamil Əhmədov (hər ikisi 69 kq), Elvin Məmmədov (75 kq) və Musa Abdullayev (81 kq) yarışı mükafatsız başa vurublar.

Xəbər 1012 dəfə oxundu.