FİFA-dan inqilabi qərar
FİFA futbol qaydalarında bəzi inqilabi dəyişiklik etməyə hazırlaşır.

Dünyanın ali futbol qurumu matç zamanı hər hissədə baş məşqçilərə uzağı iki dəfə hakim qərarlarına etiraz etmək hüququ verməyi nəzərdə tutur.

FİFA-nın prezidenti Yozef Blatter deyib ki, yalnız oyun dayandığı zaman məşqçi hakimin qərarına etiraz edə biləcək:

"Bu zaman isə hakim və məşqçi meydanın kənarında quraşdırılacaq monitor vasitəsi ilə mübahisəli epizodlara baxa biləcək və hakim istəsə, qərarını dəyişəcək. Təbii ki, bu zaman hakim və məşqçiləri matçı yayımlayacaq telekanalın da köməyi dəyməlidir".

Beləliklə, FİFA-nın tədbiq edəcəyi yeni qərara əsasən, “hakimin qərarı dəyişilməzdir” fikri tarixə qovuşacaq. Yeni qaydalara görə, hakim qərarını dəyişdirmək mümkün olacaq.

Y.Blatterin sözlərinə görə, bu yeniliyi ilk dəfə gələn il Yeni Zelandiyada keçiriləcək 20 yaşadək futbolçular arasında dünya çempionatında tətbiq etməyi planlaşdırırlar.

Xəbər 867 dəfə oxundu.