Alpinistlərin Gürcüstandakı növbəti toplanışları uğurla bitib
Gürcüstanda Azərbaycanın gənc alpinistlərindən ibarət olan qrupun təlim-məşq toplanışları uğurla sona çatıb. Qrupun rəhbərliyini tanınmış alpinist, Respublika Alpinist-Turist Klubunun üzvü Firuz Dadaşov həyata keçirib.

Planlara əsasən, 6 nəfərdən (əsasən alpinizmdə ilk qədəmlərini qoyan idmançılardan) ibarət olan qrup qar-buz şəraitində işləməyi və axtarış-xilas əməliyyatlarını aparmağı öyrənməli idi. Məşqlər bitəndən sonra qrup Kazbekə (5033 m) qalxmaq fikrində idi.

Xoş proqnozlara baxmayaraq Kazbek alpinistlərimizi olduqca pis hava ilə qarşılayıb.

Buna baxmayaraq, alpinistlər 3600 m hündürlüyə qalxıb, orada ana düşərgəsini qurublar. Növbəti gün, senyabrın 5-də uşaqlar artıq Qerqeti buzlağında qar-buz məşqlərinə başlayıblar, sentyabrın 6-da isə, planlaşdırılan kimi, xoş hava şəraitində zirvəyə doğru üz tutublar. Səhər Bakı vaxtı ilə saat 03.15-də alpinistlər ana düşərgədən çıxıb zirvənin hücümüna keçiblər. Saat 12.30-da qrup (bir nəfəri çıxmaq şərti ilə) Kazbek zirvəsində idi.

Elə həmin gün uşaqlar Qerqeti kəndinə (1800 m) eniblər, bir gün dincələndən sonra isə Bakıya qayıdıblar.

Qrupun rəhbəri Firuz Dadaşov səfərdən çox razıdır. “Qar-buz məşqləri zamanı və zirvəyə qalxanda uşaqlar verilən tapşırıqları çox yaxşı yerinə yetiriblər. Afərin onlara”, - deyə alpinist bildirib.

Avqustdan senytabr ayınadək AAF-nın alpinistləri Kazbekə 4 uğurlu səfər həyata keçiriblər. Bu səfərlərdə AAF-nın üzvləri: “Qartal”, “Nikoyl”, DİK, “İrbis” və RATK klubları iştirak edib. Həmçinin Kazbekə AAF-nın instruktoru Sirxan Məmmədovun rəhbərliyi altında İran alpinist qrupu qalxmışdır.

Bu müddət ərzində əfsanəvi dağa qalxmalardan savayı AAF Gürcüstan dağlarında 3 dəfə təlim-məşq toplanışlarını da keçirib.

AAF-nın mətbuat xidməti

Xəbər 665 dəfə oxundu.