Xüsusi olimpiyaçılarımız Avropa Xüsusi Yay Oyunlarında iştirak edəcəklər
“Trend”in akt zalında bir neçə gündən sonra Belçikanın Antverpen şəhərində təşkil olunacaq Avropa Xüsusi Yay Oyunları ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev oyunlarda iştirak edəcək idmançıların hazırlığından danışıb. Ş.Əliyev qeyd edib ki, xüsusi olimpiyaçılarımız atletika, badminton, basketbol, cüdo, stolüstü tennis, üzgüçülük üzrə qüvvələrini sınayacaqlar. Yığıncaqda cüdoçularımızın Avropa oyunlarında ilk dəfə təmsil olunacağı vurğulanıb. Mətbuat konfransında xüsusi olimpiyaçılarımız Mehman Şeydayev, Bahar Əlipənahova, Həbib Tağıyev, Aytən Allahverdiyeva qarşıdakı yarışlara hazırlıqla bağlı danışıblar, maksimum nəticə göstərmək üçün bütün qüvvələrini səfərbər edəcəklərini bildiriblər.

Məlumat üçün bildirək ki, Avropa oyunlarında 42 nəfərdən ibarət nümayəndə heyətimiz iştirak edəcək. İdmançılarımızı yarışlara atletika üzrə Kamal Əhmədov, badminton üzrə Lyudmila Qasiyeva, stolüstü tennis üzrə Qulu Quliyev, üzgüçülük üzrə Vüsal Məmmədov, cüdo üzrə Ruslan Orucov hazırlayıblar. Nümayəndə heyətimiz Belçika mühitinə uyğunlaşmaq məqsədilə sentyabrın 9-dan 12-dək Lomel şəhərinin qonağı olacaq. Sentyabrın 12-də Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun iştirakı ilə Lomel şəhərində Azərbaycan günləri keçiriləcək. Sentyabrın 13-də Belçikanın Brüssel şəhərində keçiriləcək Avropa Xüsusi Yay Oyunlarının rəsmi açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov da iştirak edəcək.

Qeyd edək ki, Avropa Xüsusi Yay Oyunları sentyabrın 14-də start götürəcək, yarışlarda Avropanın 58 ölkəsindən 2000 atlet gücünü sınayacaq.

Leyla Qurbanova




Xəbər 873 dəfə oxundu.