UEFA "Legiya"nı yenə cəzalandırdı
UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Polşanın "Legiya" klubunu yenidən cəzalandırıb.

Buna Avropa Liqasının pley-off mərhələsinin "Aktobe" ilə cavab qarşılaşmasında "Legiya" azarkeşlərinin UEFA əleyhinə pankart açması səbəb olub.

UEFA-nın loqosunun ortasına donuz fiquru yerləşdirən azarkeşlərin hazırladıqları pankarta "6 < 1, çünki futbolun əhəmiyyəti yoxdur, pulun önəmi var" sözləri əlavə olunub. Məhz bu pankarta görə UEFA Varşava təmsilçisini 80 min avro məbləğində cərimələyib.

Xatırladaq ki, Çempionlar Liqasının III təsnifat mərhələsində Şotlandiyanın "Seltik" klubunu hər iki görüşdə məğlub edən (4:1, 2:0) "Legiya" klubu cavab qarşılaşmasında cəzalı futbolçu oynatdığı üçün komandaya texniki məğlubiyyət (0:3) verilmişdi. Belədə Çempionlar Liqasından kənarlaşdırılan Polşa klubu mübarizəni Avropa Liqasında davam etdirməli olub. Məhz bu səbəbdən "Legiya" azarkeşləri "Aktobe" ilə görüşdə UEFA-nın əleyhinə pankart açıblar.

Qeyd edək ki, Avropa Liqasının L qrupunda yer alan "Legiya" klubu "Trabzonspor" (Türkiyə), "Metallist" (Ukrayna) və "Lokeren" (Belçika) komandaları ilə mübarizə aparacaq.

Xəbər 837 dəfə oxundu.