Bir zirvə daha fəth edilib
Azərbaycan alpinistləri dağ zirvələrini fəth etməkdə davam edirlər. İdmançıların bir qrupu Elbrus ekspedisiyasından qayıtmamış, digəri Kazbekə tərəf üz tutdu.

Maraqlısı odur ki, hər iki ekspedisiya iştirakçıları arasında Nikoil bankın alpinist qrupunun üzvləri var idi. Bu səfərləri bank Azərbaycan Alpinizm Federasiyası ilə birgə “20 il yüksəklikdə” layihəsi çərçivəsində həyata keçirir. Həmin layihə Nikoil bankın 20-illiyinə həsr olunub.

Avqustun 16-da 10 nəfərdən ibarət olan alpinist komandası Bakıdan Gürcüstana yola çıxdı. İdmançılar vaxt itirməyiblər: dağın ətəyndə yerləşən Kazbeqi kəndində gecəni keçirib, üzü yuxarı qalxmağa başlayıblar. Hava şəraiti xoş olsa da, haddindən artıq çox olan qar örtüyü marşrutun keçirilməsini ləngidirdi. Buna baxmayaraq, avqustun 18-də Kazbek zirvəsi (5033 m) fəth edilmişdir.

Bu cür uğurlu başlanğıc az qala faciə ilə nəticələnəcəkdir. Zirvədən geri dönən zaman, təxminən 4500-4600 m hündürlükdə olan alpinistlər yıxılıblar, özüdə ki, hami bir yerdə. Xoşbəxtlikdən, heç kim ciddi xəsarət almayıb, yüngül travma və zədə ilə canlarını qurtara biliblər.

Bu yıxılma marşruta dəyişiklik saldı – idmançılar başqa, daha uzun bir yolla qayıtmalı olublar, lakin hər şey yaxşı qurtarıb. Avqustun 20-də alpinistlərimiz artıq Bakıda idilər.

Qeyd etmək lazımdır ki, ötən il, bu ilki ekspedisiyanın 5 üzvü Kazbekə qalxmağa cəhd göstərib, lakin pis hava şəraitindən, bu cəhd uğursuz olub. Bu il onlar revanş ala biliblər.

Ekspedisiya zamanı bələdçi, tanınmış alpinist Rüfət Qocayev olub.

Xəbər 2206 dəfə oxundu.