"Tvente"yə Bakıda asan olmayacaq"
"Bakı səfəri çətindir. Bunun bir neçə səbəbi var. Uzun yol qət edirsən. Üstəlik orada hərarət çox yüksək olur. Ölkələr arasında üç saatlıq fərqin olması da işi çətinləşdirir. Ümumiyyətlə Azərbaycan səfər etmək üçün yaxşı ölkə deyil".

Bu sözləri "Tvente" klubunun futbolçusu Vout Brama Hollandiya mətbuatına açıqlmasında deyib.

Zədə səbəbindən "Tvente"nin əsas heyətindən kənarda qalan və hazırda əvəzedici komandada oynayan 27 yaşlı futbolçu Avropa Liqasının pley-off mərhələsində bu axşam qarşılaşacaqları "Qarabağ"la oyun haqda fikirlərini bölüşüb.

Hollandiyalı futbolçu 5 il öncə "Qarabağ"la Bakıdakı oyunu xatırlayıb və komandasının qrup mərhələsinə düşmək şanslarını dəyərləndirib: "Avrokubok oyunları yerli çempionat görüşlərindən tamamilə fərqlənir. Beş il öncə "Qarabağ"la qarşılaşmışdıq və öz meydanımızda 3:1 hesabı ilə qalib gəlmişdik. Səfər oyunları hər zaman çətin keçir. "Qarabağ" evdə tamamilə fərqli sistemlə çıxış edir. "Tvente"yə Bakıda asan olmayacaq. Cavab matçı öncəsi Bakıdan sərfəli nəticə ilə qayıtmalıyıq. "Tvente"nin qrup mərhələsinə vəsiqə qazanacağına inanıram. Eşitdiyimə görə, "Qarabağ" beş il öncə ilə müqayisədə indi daha güclüdür. Rəqibin heyətində beş səviyyəli futbolçunun oynadığını bilirəm. Ancaq onların hansı səviyyədə olması haqda məlumatım yoxdur".

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Tvente" oyunu saat 21:00-da başlayacaq.

Xəbər 828 dəfə oxundu.