Cavid Hüseynov: "Penalti zərbələrim həmişə dəqiq olub"
"Qəbələ"də qol hesabımı açdığıma görə çox sevinirəm. Hər halda, bu, eyni zamanda komandamızın cari mövsümdə ilk qolu və ilk qələbəsi idi".

Bu sözləri "Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynov klubun rəsmi saytına açıqlamasında deyib.

Azərbaycan Premyer Liqasının ikinci turunda "Araz Naxçıvan"la görüşdə qol vurmaqla komandasına 3 xal qazandıran C.Hüseynov penalti zərbələrini qola çevirməyin onun üçün problem olmadığını bildirib: "Çempionatda startımız uğursuz olduğundan, bizə bu 3 xal vacib idi. İlk ev oyunumuzda azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirdik. Penaltini yerinə yetirmək mənə həvalə olunmuşdu. 11 metrlik cərimə zərbələrimi dəqiq vurmaqda özümə güvənirəm. Bunu baş məşqçimizə söylədim. O da mənə dedi ki, inamın varsa, zərbəni vurarsan. Sevinirəm ki, etimadı doğrultdum. Mənim üçün penaltini qola çevirmək problem deyil. Təsadüfi deyil ki, 11 metrlik zərbələrim həmişə dəqiq olub".

Çempionatın növbəti turunda qarşılaşacaqları "Bakı" ilə oyuna da toxunan təcrübəli futbolçu sabiq komandasının hazırkı durumunu dəyərləndirib. O, meydançaya yalnız qələbə üçün çıxacaqlarını da sözlərinə əlavə edib:

"Növbəti turda keçmiş komandam "Bakı" ilə qarşılaşacağıq. "Bakı" həmişə iddialı komandalar sırasında olub. Bu mövsüm müəyyən çətinliklər yaşadılar. Amma inanıram ki, bu problemləri arxada qoyub yenidən güclü kollektiv formalaşdıracaqlar. "Qəbələ"nin bu matçda bir hədəfi var: qələbə qazanmaq. İnanıram ki, istəyimizi nail olub, məqsədimizə doğru addım atacağıq".

Xəbər 957 dəfə oxundu.