Azərbaycan Premyer Liqasında 49-cu əcnəbi məşqçi
Azərbaycan Premyer Liqasının yeni mövsümünün startı yeni baş məşqçinin çempionatdakı debütü ilə əlamətdar olub.

İdman.com.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “Qəbələ”nin çalışdırıcısı Dorinel Muntyanu Azərbaycan birinciliyində ilk matçında komandasına rəhbərlik edib.

İlk turun “İnter”lə oyununda 0:4 hesablı məğlubiyyətə üzülən rumıniyalı mütəxəssis Premyer Liqa tarixində 49-cu legioner baş məşqçi olub. 1992-ci ildə start götürən çempionatlar tarixində bunadək 48 əcnəbi mütəxəssis çalışıb. Onlardan bəziləri yalnız baş məşqçi əvəzi kimi bir neçə oyunluq iş başında olub.

Əvvəlki 22 çempionatda yalnız bir rumıniyalı olub. “Xəzər Lənkəran”a rəhbərlik etmiş Mirça Rednikdən sonra Muntyanu bu ölkənin Azərbaycan çempionatındakı 2-ci təmsilçisi olub.

Ümumilikdə bu 49 əcnəbi çalışdırıcı 19 ölkəni təmsil edir: Türkiyə - 13, Ukrayna – 7, Gürcüstan, Serbiya – 4, Almaniya – 3, Bosniya və Herseqovina, Rumıniya, Rusiya, İspaniya – 2, Xorvatiya, Uels, Moldova, İtaliya, İngiltərə, Əlcəzair, Çexiya, Makedoniya, Litva. Latviya – 1.

5 legioner iki klubda çalışıb. Azərbaycan Premyer Liqasının 17 komandasını çempionat matçlarına əcnəbilər çıxarıb: “Xəzər Lənkəran” – 10, “Bakı” - 7, “Qəbələ” – 5, “İnter”, “Simurq”- 4, “Gənclərbirliyi”, “Turan”, “Neftçi”, “Rəvan”, “Standard” - 3, “Muğan”,”“Olimpk” – 2, “Karvan”, “Masallı”, “MKT-Araz”, “Sumqayıt”, “Qarabağ” – 1.

Xəbər 792 dəfə oxundu.