Londonda daha bir qızıl medal
Dünən Böyük Britaniyanın paytaxtı London şəhərində 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi test turnirinə yekun vurulub. Bu yarışda iştirak edən ikinci idmançımız – Yuliya Dovqal da uğurla çıxış edərək qızıl medal qazanıb.

Xatırladaq ki, bir gün əvvəl İntiqam Zairov 94 kq çəki dərəcəsində çempion olmuşdu. Qadınlar arasında +75 kq çəki drəcəsindən yarışa qatılan Yuliya da güclü rəqiblərini yenərək birinci yerə çıxıb.

Azərbaycan Ağır Atletika Federasiyası rəsmi saytının yaydığı xəbərə görə, birdən qaldırma hərəkətində əvvəlcə 110, sonra 113, sonda isə 117 kq-ı qaldıran və ən güclü olan Yuliya, təkanla qaldırmada cəmi iki yanaşma edib. Əvvəlcə 131 kq, sonra isə 138 kq-ı qaldıran Dovqal, qızıl medalı təmin etdiyinə görə üçüncü yanaşmadan imtina edib.

Toplamda 255 kq nəticə göstərən idmançımız turnirin qalibi olub.

Xəbər 1310 dəfə oxundu.