"İqtisadçı"dan daha bir gediş
Hollandiya millisinin ulduz voleybolçusu Manon Flierin yeni mövsümdə “İqtisadçı”da oynamayacağı dəqiqləşib. 2013/2014 mövsümündə Super Liqanın simvolik yığmasında yer alan 30 yaşlı hücumçu karyerasını “tələbə” kimi davam etdirmək istəməyib.
Belə ki, Flier yeni mövsümdə iddiasız olacaq “universitet komanda”sı ilə başa çatmış müqaviləsini yeniləməyə ehtiyac duymayıb. O, heyətində bürünc medal qazandığı klubu “Fujian”a dəyişib. Manon artıq Çin təmsilçisi ilə 1 illik rəsmi anlaşmaya da imza atıb.

Qeyd edək ki, Flier 2012/2013 mövsümündə “Azərreyl”lə də Super Liqanı mükafatçılar sırasında bitirmişdi. O, “İqtisadçı”ya çempionatımızın gümüş medalçısı kimi transfer olunmuşdu.

Hollandiyalı ulduzdan öncə isə “İqtisadçı” kapitanı Onuma Sittirak, Valentina Serena, Deja Makkeldonla da vidalaşmışdı. Hələlik cəmi 4 rəsmi müqavilə bağlayan Bakı təmsilçində bu siyahının genişlənəcəyi istisna edilmir.

Xəbər 930 dəfə oxundu.