Ukraynadan bürünc medal
Ukraynanın Lvov şəhərində velosiped idmanının trek növü üzrə "Galichyna-2014" Qran-Prisi start götürüb. Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci dərəcəli yarışında Azərbaycan yığma komandasının 2 üzvü - Sergey Omelçenko və Yelena Pavluxina da mübarizə aparır.

İlk yarış günü komandamız üçün bir medalla yadda qalıb. Qadınlar arasında 10 km məsafəyə skretç yarışında çıxış edən Yelena Pavluxina yalnız Polşa və Ukrayna idmançılarından geri qalmaqla fəxri kürsünün 3-cü pilləsinə qalxıb və bununla da reytinqini daha 48 xal artırıb.

Qeyd edək ki, müxtəlif kateqoriyalı yarışlarda əldə olunan reytinq xalları idmançıların noyabrda Meksikada keçiriləcək Dünya Kubokunda iştirakı baxımından önəmlidir. Yelena Pavluxina bu gün və sabah 6 mərhələdən ibarət omnium yarışlarında da qüvvəsini sınayacaq. Millimizin digər üzvü Sergey Omelçenko isə mübarizəyə sabah qoşulacaq. "Galichyna-2014" Qran-Prisinə avqustun 10-da yekun vurulacaq.

Xəbər 767 dəfə oxundu.