Sərbəst güləşçilər 1 gümüş və 1 bürünc medal qazandı
Xorvatiya paytaxtı Zaqrebdə güləş üzrə gənclər arasında dünya birinciliyi davam edir. İdman.com.az saytı xəbər verir ki, çempionatın beşinci günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 gümüş və 1 bürünc medalla başa vurub.

60 kq çəkidə Vurğun Əliyev ilk görüşündə ABŞ idmançısına uduzsa da, rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşlərə qatılmaq şansı əldə edib. Ardıcıl olaraq Yaponiya və Gürcüstan idmançılarını mübarizədən kənarlaşdıran güləşçimiz bürünc medal uğrunda güləşmək haqqı qazanıb. Həlledici görüşdə Belarus təmsilçisi üzərində inamlı qələbə qazanan Vurğun Əliyev Dünya çempionatının bürünc medalına sahib olub.

74 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədhacı Muxutov finala qədər inamla irəliləyib. Ardıcıl olaraq Yeni Zelandiya, İsveçrə və Belarus idmançılarını mübarizə kənarlaşdıran təmsilçimiz, yarımfinalda güclü İran güləşçisini də məğlub etməyi bacarıb. Finalda pəhləvanımız Fransa təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb və güləşçimiz gümüş medalla kifayətlənib.

Xəbər 793 dəfə oxundu.