Səkkizinci 12 dekabr

12 dekabr tarixi 2003-cü ilədək Azərbaycan tarixində adi təqvim günlərindən biri sayılırdı. Lakin 8 il öncə 12 dekabr xalqımızın qəlbində ən kədərli günlərdən birinə çevrildi. Xalqımız öz tarixi liderinin əbədiyyata qovuşduğu 12 dekabrı bu gün biz 8-ci dəfə kədərlə anır.

Düz 8 il öncə Azərbaycan dövlətçiliyinin banisi, ümummilli lider Heydər Əliyev gözlərini əbədi olaraq yumdu.

Heydər Əliyevin hələ Sovetlər dövründə ölkəmizi çiçəklənən diyara çevirməsini, milli kadrların hazırlanmasında o dövr üçün analoqu olmayan tədbirlər həyata keçirməsini biz bu gün iftixar hissi ilə xatırlayırıq.

Xalqın qəlbində öz əbədi abidəsini ucaltmış Heydər Əliyev dünya miqyasında Azərbaycan dövləti, Azərbaycan xalqı üçün xariqüladə işlər görərək, hakimiyyət və xalq məhəbbəti Olimpini fəth edib.

1993-cü ildə Azərbaycanı parçalanmaqdan xilas edərək, məmləkəti əsl sahiblərinə - xalqa qaytaran bu müdrik insan, həmin hadisələrdən düz bir il sonra, 1994-cü ilin 26 iyulunda daha bir uzaqgörən addım atdı. Bu uzaqgörənlik Prezident Heydər Əliyevin imzaladığı mühüm dövlət sənədi idi. Həmin sənədə əsasən, gənc respublikamızda gənclərə və idmançılara dövlət qayğısını çatdıracaq, onları birləşdirərək gələcək qüdrətli Azərbaycan üçün potensial kadrlar yetişdirmək kimi dövlət siyasətini həyata keçirəcək qurum - Gənclər və İdman Nazirliyi yaradıldı. Bu, Heydər Əliyevin firavanlığını istədiyi Azərbaycan üçün gördüyü işlərin tərkib hissəsi idi.

Azərbaycan gəncliyi və idmanı məhz bu tarixi addımdan sonra özünə yönəlik daimi qayğı və diqqəti hiss etməyə başladı. Heydər Əliyevin idmana qayğısı təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda, nüfuzlu beynəlxalq idman qurumları tərəfindən də rəğbətlə qarşılandı. “İdmana xüsusi qayğını öz üzərimə götürürəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz” deyən Heydər Əliyevi Azərbaycan idmançıları öz uğurlarının ən böyük səbəbkarı hesab edirlər.

Məhz bu qayğının sayəsində ölkəmiz çox qısa bir müddətdə dünyanın idman dövlətlərindən birinə çevrilib, Azərbaycan gəncliyi beynəlxalq aləmdə öz sözünü demək imkanı qazanıb.

Heydər Əliyevin indiki və gələcək nəsillərə miras qoyduğu dövlətçiliyimizi bu gün dünya arenalarında öz zəfərləri ilə təbliğ edən idmançılarımız öz layiqli qələbələri ilə ümummilli liderin əziz xatirəsi qarşısında borclarını qaytarmağa çalışırlar. Bunun üçün onlar idmana və gəncliyə münasibətin yüksək səviyyəyə çatmasında əvəzedilməz rol oynamış Heydər Əliyevin əziz xatirəsi qarşısında and içiblər.

Və bu gün tam qətiyyətlə demək olar ki, onlar andlarına sadiq qalaraq, verdikləri sözü layiqincə yerinə yetirirlər. Bəli, bu gün Azərbaycan möhkəm bünövrə üzərində qurulmuş əzəmətli bir binanı xatırladır. Bu binanın memarı isə bütün ömrünü xalqımızın xoşbəxt və firavan gələcəyinə həsr etmiş Heydər Əlirza oğlu Əliyevdir. Bu binanın sakinləri olaraq, bizim hər birimiz onu həmişə minnətdarlıq hissi ilə xatırlayacaq, onun dövlət, Vətən üçün etdiyi fədakarlıqları heç zaman unutmayacağıq.

Allah rəhmət eləsin!

Xəbər 3556 dəfə oxundu.