İsmayılovanın növbəti qızılı
Litvanın Panevejis şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1-ci dərəcəli “Panevejis-2014” turnirinə yekun vurulub. Velosiped idmanının trek növü üzrə keçirilən yarışının sonuncu günü Azərbaycan yığma komandası daha bir qızıl medal qazanıb.

Qadınlar arasında 200 metr məsafəyə sprint yarışında çıxış edən Olqa İsmayılova təsnifat mərhələsində 11.443 saniyə nəticə göstərməklə bütün rəqiblərini üstələyib və bununla da 2014-cü il mövsümündəki şəxsi rekordunu da təzələyib. 1/4 finalda Polşa, yarımfinalda isə Litva idmançısını mübarizədən kənarlaşdıran velosipedçimiz finalda daha bir litvalı, dünya çempionu və dünya rekordunun sahibi Simona Krupekayteyə rəqib olub. İki yürüşdən ibarət final idmançımızın qələbəsilə yekunlaşıb və bununla da Olqa İsmayılova “Panevejis-2014” turnirində ikinci qızıla layiq görülüb.

Xatırladaq ki, o bir gün öncə kehrin yarışlarında da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. Hər qızıl medala görə əldə olunan 80 reytinq balı (cəmi 160 bal) idmançımıza bu ilin noyabrında Meksikada keçiriləcək Dünya Kubokunda iştirak üçün lazım olan xal ehtiyatını tamamlamağa imkan verib.

Millimizin daha bir qadın üzvü Yelena Pavluxina isə 6 müxtəlif növdən ibarət omnium yarışlarında 110 xal toplamaqla 9-cu yeri tutub. Beləliklə, Litva turniri velosipedçilərimiz üçün 2 qızıl, 1 gümüş və 1 bürünc medalla yadda qalıb. Gümüş və bürünc medalı isə komandamıza müvafiq olaraq kehrin və 200 metr məsafəyə sprint yarışında çıxış edən Sergey Omelçenko qazandırıb. Bununla da kehrində 72, sprintdə isə 64 reytinq xalı əldə edən Omelçenko Dünya Kubokunda iştiraka doğru önəmli addım atıb.

Xəbər 855 dəfə oxundu.