Pley-off mərhələlərinin püşkünün vaxtı açıqlandı
2014/2015 mövsümü üçün Çempionlar Liqası və Avropa Liqasının pley-off mərhələlərinin püşkünün vaxtı açıqlanıb.

İdman.com.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, adəti üzrə ilk öncə Çempionlar Liqasının püşkü atılacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi avqustun 8-də, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Çempionlar Liqasında ölkəmizi "Qarabağ" klubu təmsil edir. Qurban Qurbanovun komandası "pley-off"a yüksəlmək üçün ilk öncə III təsnifat mərhələsində Avsrtiyanın "Zalsburq" klubunu mübarizədən kənarlaşdırmalıdır. Avqustun 8-də atılacaq püşkdən sonra isə "Qarabağ"ın "pley-off"dakı rəqibi müəyyənləşəcək.

Həmin gün saat 16:00-da isə Avropa Liqasının püşkatma mərasimi keçiriləcək. Burada da ölkəmizi bir komanda təmsil edir. Son ölkə kubokunun sahibi "Neftçi" klubu "Çixura" (Gürcüstan) səddini keçəcəyi təqdirdə pley-off mərhələsində oynamaq hüququ qazanacaq. "Neftçi"nin pley-off mərhələsindəki rəqibinin kimliyinə məhz avqustun 8-də keçiriləcək püşkatmadan sonra aydınlıq gələcək.

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19-20 və 26-27 avqust, Avroliqanın pley-off mərhələsinin görüşləri isə 21-28 avqust tarixlərində keçiriləcək.

Xəbər 1050 dəfə oxundu.