Yunan-Roma güləşçiləri Xaçmazda hazırlıqlara başlayıb
Yunan-Roma güləşi üzrə yeniyetmələrdən və böyüklərdən ibarət yığma komanda qarşıdan gələn mühüm əhəmiyyətli beynəlxalq yarışlara hazırlıqlarını davam etdirir.

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsini 4 qızıl, 3 gümüş və 3 bürünc medalla tamamlayan yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri sentyabr ayında Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək Dünya çempionatına hazırlıqlara artıq start verib. Baş məşqçi Cəmşid Xeyrabadinin rəhbərlik etdiyi məşqçilər korpusu heyətə 22 güləşçi daxil edib.

Avqustun 6-dək davam edəcək təlim-məşq toplanışında yığmamızın üzvləri ilə yanaşı, Macarıstan güləşçiləri də iştirak edir.

25-27 avqust 2014-cü il tarixdə Çin Xalq Respublikasının Nanjinq şəhərində keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarına hazırlaşan yunan-Roma güləşçilərimiz növbəti təlim-məşq toplanışına başlayıb. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında keçirilən TMT-da 2 çəki dərəcəsində 6 güləşçi iştirak edir.

Məlumat üçün bildirək ki, yeniyetmələrin Olimpiya Oyunlarında yunan-Roma güləşi yarışlarında ölkəmizi Cabbar Nəcəfov (50 kq) və İslambek Dadov (69 kq) təmsil edəcək.

Xəbər 985 dəfə oxundu.