Basketbol yığmamız güclənməkdə davam edir

Azərbaycan yığmasına cəlb olunacaq 3 basketbolçunun adı rəsmən açıqlanıb. Bunlar İspaniyanın “Real” klubunun üzvü Ceyse Karrol, “Valensiya”da forma geyinən Nik Kaner-Mendli və Kanadanın “Redeemer Universitet” komandasının şərəfini qoruyan Əli Əsgərovdur.
1983-cü il təvəllüdlü Karrol ötən il “Gran Kanariya”da (İspaniya) çıxış edib və İspaniya çempionatının ən məhsuldar oyunçusu adına layıq görülüb. 188 sm boya malik basketbolçu əslən amerikalıdır və Madrid təmsilçisinin heyətində Avroligada oynayır.
Kaner-Mendli də Karrolla həmyaşıddır. Ötən həftə 32 komandanın mübarizə apardığı Avrokubok yarışlarında ən faydalı (MVP) oyunçu seçilən yeni legionerimiz də ABŞ-da doğulub. Onun 203 sm-dir.
Bununla da, millimizdə çıxış edəcək amerikalıların sayı 4-ə çatıb. Karrol və Kaner-Mendlidən öncə Çarlz Devis və Nelson Spenser də yığmamıza transfer olunmuşdular.
Əsgərov isə əslən azərbaycanlıdır və Kanadada ailəsi ilə birgə yaşayır. Burada “Redeemer Universitet”inin şərəfini qoruyan Əlinin cəmi 19 yaşı var.
Qeyd edək ki, yığmamızın heyətini gücləndirməsində əsas məqsədi ilk dəfə qatılacağı Avropa çempionatının seçmə mərhələsində uğurlu iştirakdır. Komandamız qrup mərhələsində Almaniya, Bolqarıstan, İsveç və Lüksemburqla mübarizə aparacaq.

Xəbər 1173 dəfə oxundu.