"Qəbələ"nin güclü və zəif tərəflərini müşahidə etdik"
"Komandanın hazırkı durumunun yaxşı olduğunu söyləmək mümkündür. "Qəbələ" Hollandiya toplanışı boyunca keçirdiyi sınaq matçlarında güclü klublarla başa-baş mübarizə apardı. 90 dəqiqə boyunca rəqibləri ilə məzmunlu oyun göstərdi. Bu da komandanın həm fiziki, həm də psixoloji cəhətdən irəliyə doğru böyük addım atdığını deməyə əsas verir".

Bu sözləri "Qəbələ" klubunun yeni transferi Ruslan Əmircanov klubun rəsmi saytına açıqlamasında Hollandiya təlim-məşq toplanışı haqda danışarkən deyib.

"Heyətdəki bütün futbolçuların və məşqçi heyətinin hazırlıq prosesinə ciddi yanaşması, məşqlərdə gərgin çalışması öz nəticəsini verir. Baş məşqçi meydançada da, meydançadan kənarda da intizama hədsiz önəm verir. Biz də bunun xeyrini görürük. Keçirdiyimiz oyunlarda komandanın güclü və zəif tərəflərini müşahidə etdik. "İnter"lə oyuna qədər çatışmayan tərəflərimiz üzərində işləyib qarşılaşmaya tam hazır olacağıq" - deyə R.Əmircanov bildirib.

Xəbər 860 dəfə oxundu.