Növbə 21 yaşlı hokkeyçilərindir
Ötən həftə Litva Respublikasının Vilnüs şəhərində 16 yaşadək hokkeyçilərimiz növbəti mövsümdə Avropa çempionatının güclülər dəstəsində mübarizə aparmaq hüququna sahib olduqdan sonra estafet 21 yaşadək otüstü hokkeyçilərimizə ötürülür. Sabah seçmə komandamız səhər saatlarında Bakı-Kiyev-Praqa təyyarə reysi ilə yarış yerinə yollanacaq.21 yaşadək oğlan otüstü hokkeyçilərdən ibarət seçmə komandamız iyulun 21-dən 26-dək Çexiya Respublikasınıın Hrades Kralove şəhərində Avropa çempionatında iştirak eəcək. Yarışda 6 ölkənin idmançıları dairəvi sistemlə mübarizə aparacaqlar.

Yığmamız ilk turda Çexiya komandası ilə qarşılaşacaq. Ertəsi gün həmyerlilərimiz Türkiyə təmsilçiləri ilə görüşəcəklər. İyulun 23-də rəqibimiz Litva hokkeyçiləri olacaq. Bir günlük istirahətdən sonra- IV tur çərçivəsində Slovakiya - Azərbaycan matçı baş tutacaq. Nəhayət qitə çempionatının sonuncu günü-iyulun 26-da seçmə komandamız Cəbəllütariq yığmasını sınağa çəkəcək. Yekunda ilk 2 yeri tutan komanda Avropa çempionatının II divizyonuna vəsiqə qazanacaq.

Hokkeyçilərimiz bu yarışda iştirak etmək üçün hazırlığa hələ ötən ilin payızından Bakı və Sumqayıt şəhərlərində keçirilən məşqlərlə başlayıblar. Seçmə komandamız Avropa çempionatına hazırlığın daha bir mərhələsini isə iyunun 21-dən 28-dək Ukraynanın Vinnitsa şəhərində keçirib. Hokkeyçilərimiz bir həftəlik təlim-məşq toplanışı zamanı həmin ölkənın gənc hokkeyçiləri ilə bir-neçə yoxlama oyununda da qüvvələrini sınayayıblar.

Yığmamızın məşqçiləri Zamin Yusubov və Tacəddin Sədiyevin fikrincə qitə birinciliyinə hazırlıq istənilən səviyyədə keçib və hokkeyçilərimiz qarşıya qoyulan vəzifənin öhdəsindən gələ biləcəklər.

Xəbər 2511 dəfə oxundu.