Argentina prezidenti mundialın heç bir oyununu izləməyib
Argentinanın prezidenti Kristina Fernandes Braziliyada təşkil olunan dünya çempionatının heç bir matçını izləməyib.

Ölkə prezidenti səhhətindəki problem səbəbindən "DÇ-2014"ün finalında keçirilən Almaniya - Argentina matçını da stadiondan canlı izləmək üçün Braziliyaya gedə bilməyib.

"Mundialın heç bir oyununu izləmədim, hətta final matçını da. Hər kəs bilir ki, futbol azarkeşi deyiləm. Almaniya ilə oyundan sonra baş məşqçi Alexandro Sabelyaya zəng vurdum. Çünki istənilən halda komandanı qalib hesab edirəm. Əminəm ki, təkcə mən yox, 40 milyon argentinalı da belə düşünür".

Argentina prezidentinin bu sözləri ölkədə birmənalı qarşılanmayıb. Bir azarkeş "tvitter" sosial şəbəkəsindəki səhifəsində belə yazıb: "Ölkədə yoxsulluq var, amma o bunu görmür. Təhlükəsizlik xidməti yoxdur, ancaq o bunu görmür. Dünya çempionatı var, o bunu da görmür. Açıq-aydın Fernandesin görmə ilə bağlı problemi var".

Qeyd edək ki, dünya çempionatının finalında Almaniyaya 0:1 hesabı ilə məğlub olan Argentina millisi mundialı gümüş medalla başa vurub.

Xəbər 897 dəfə oxundu.